...

Qazaxıstanda brakonyerlik faktına görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi qaldırılıb

Cəmiyyət Materials 22 Dekabr 2010 16:44 (UTC +04:00)
Xəzərin Qazaxıstan sektorunda brakonyerlik faktına görə 9 Azərbaycan vətəndaşına qarşı cinayət işi qaldırılıb.
Qazaxıstanda brakonyerlik faktına görə Azərbaycan vətəndaşlarına qarşı cinayət işi qaldırılıb

Xəzərin Qazaxıstan sektorunda brakonyerlik faktına görə 9 Azərbaycan vətəndaşına qarşı cinayət işi qaldırılıb. Bu barədə "Kazakhstan Today" agentliyi Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətinə istinadən məlumat verib.

Mətbuat xidmətinin verdiyi məlumata görə, Karakiyan rayon prokurorluğu nərə növlü balıqların tutulması faktına görə cinayət işi qaldırıb.

"2010-cu il dekabrın 9-da xüsusiləşdirilmiş təbiət mühafizəsi prokurorluğu və vilayət sərhəd xidmətinin əməkdaşlarının keçirdikləri birgə tədbirlər zamanı Manqışlaq vilayətinin Karakiyan rayonunun Pesçanı burnu rayonunda Xəzər dənizi sahilindən səkkiz mil aralıda PTS "102" balıqçı gəmisi saxlanılıb. Gəminin göyərtəsində 9 nəfər Azərbaycan vətəndaşı olub", - məlumatda deyilir.

Mətbuat xidmətinin məlumatına əsasən, saxlanılan gəmiyə baxış keçirilən zaman ümumi çəkisi 467 kq olan 164 ədəd nərə növlü balıq və 40 yeşik balıqtutma ləvazimatları, ümumi çəkisi 82 kq olan 14 yeşik kilkə aşkar edilib.

Karakiyan rayon prokurorluğu tərəfindən faktla bağlı Qazaxıstan Cinayət Məcəlləsinin 3-cü hissəsinin 287-ci maddəsi ilə cinayət işi qaldırılıb, hazırda cinayət işinin materialları Daxil İşlər Nazirliyinin Karakiyan rayon şöbəsinə göndərilib.

Xəbər lenti

Xəbər lenti