...

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Cəmiyyət Materials 25 Dekabr 2010 16:52 (UTC +04:00)
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Bu barədə qərar şənbə günü federasiyanın hesabat-seçki konfransında qəbul edilib.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib (ƏLAVƏ OLUNUB-2)(FOTO)

Fotoşəkillər əlavə olunub

Azərbaycan, Bakı, 25 dekabr /Trend, müxbir M.Əliyev/

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyeva yenidən Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib. Bu barədə qərar şənbə günü federasiyanın hesabat-seçki konfransında qəbul edilib.

Konfransda səsvermə yolu ilə yenidən Altay Həsənov vitse-prezident, Rauf Əliyev, Rafiq Behbudov və Arif Qafarov icraiyyə komitəsinin üzvləri seçiliblər.

Konfrans zamanı federasiyanın yeni nizamnaməsinin qəbul edilməsi qərara alınıb. Nizamnaməyə əsasən, yekun konfranslar və rəhbər heyətin tərkibi beş ildən bir seçiləcək (əvvəllər dörd ildən bir seçilib).

Konfransda çıxış edən gənclər və idman naziri Azad Rəhimov qeyd edib ki, son dörd-beş ildə gimnastika Azərbaycanın idman həyatında xüsusi yer tutur. "Gimnastlarımızın çoxsaylı nailiyyəti sayəsində Azərbaycan son illər dünyada idmanın bu növü üzrə yüksək yer tutur", - Rəhimov bildirib.

Onun sözlərinə görə, hazırda Azərbaycan Gimnastika Federasiyası ölkə regionlarında gimnastika bölmələri yaradaraq, idmanın bu növünün kütləviləşməsinə nail olub. "Göyçay Olimpiya Kompleksində bu yaxınlarda gimnastika bölməsi açılıb və ora artıq 25 qız yazılıb", - Rəhimov əlavə edib.

Gənclər və idman naziri gələn il gimnastika üzrə ölkə yığmasından 2012-ci il Olimpiya Oyunlarına lisenziya gözləyir.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə bildirib ki, gimnastika üzrə yığma olimpiyadalarda komanda idman növlərində Azərbaycanı təmsil edən ilk komanda olub.

"Azərbaycan idmançıları fərdi idman növlərində uğur qazanıblar, lakin gimnastika üzrə milli komanda Pekin Olimpiyadasında finala çıxaraq, komanda oyunlarında uğur qazanıb", - Hüseynzadə qeyd edib.

Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Gimnastika Federasiyasının uğuru kimi Bakıda yüksək səviyyəli beynəlxalq turnirlərin, bəddi gimnastika üzrə Avropa çempionatının təşkilini də vurğulayıb.

Gimanstika Federasiyanın hesabat-seçki konfransının yekunları üzrə qala-konsert verilib.

Azərbaycanda gimnastikanın yaranma və inkişaf tarixi ötən əsrin 40-ci illərinə təsadüf edir. Bu idman növünün qısa müddət ərzində xeyli populyarlıq qazanması tezliklə təşkilatlanmaya təkan verib və 1956-cı ildə Azərbaycan Gimnastika Federasiyası yaradılıb. O vaxt federasiya akrobatika və bədii gimnastika şöbələrindən ibarət idi. 1991-ci ildə Azərbaycan müstəqillik qazandıqdan sonra 1993-cü ildə milli federasiya Beynəlxalq və Avropa Gimnastika Federasiyalarına üzv qəbul olunub. 1998-ci ildə idman akrobatikası, 2000-ci ildə isə tamblinq idman növləri federasiyanın tərkibinə daxil edilib. Hazırda Azərbaycan Gimnastika Federasiyasının tərkibində dörd idman növü mövcuddur: kişi idman gimnastikası, akrobatika, bədii gimnastika və tamblinq.

Azərbaycan Gimnastika Federasiyasının qısa müddət ərzində gördüyü işləri yüksək qiymətləndirən Beynəlxalq Gimnastika Federasiyasının rəhbərlliyi 2003/04/05-ci ildə Dünya kuboku mərhələlərinin, habelə 2005-ci il dünya çempionatının Bakıda keçirilməsinə razılıq veriblər. Həmçinin, 2007 və 2009-cu ildə Bakıda böyük uğurla bədii gimnastika üzrə Avropa çempionatları da keçirilib.

Xəbər lenti

Xəbər lenti