Azərbaycan, Bakı, 10 yanvar /Trend, müxbir K.Zərbalıyeva/
"İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Qaçqınların işləri üzrə seçilmiş qərarları" adlı kitab nəşr olunub.
Kitab Azərbaycan Hüquqşünasları Konfederasiyası tərəfindən Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı və Avropa Şurasının ayırdığı maliyyə vəsaiti hesabına 1000 tirajla nəşr olunub.
Konfederasiyanın mətbuat xidmətindən bazar ertəsi Trend-ə verilən məlumata görə, kitabın redaksiya şurasına rəhbərliyi könüllü əsaslarla Azərbaycan Hüquqşünasları Konfederasiyasının sədri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli üzərinə götürüb, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Prezident Adminstrasiyasının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin İnsan hüquqlarının müdafiəsi məsələləri sektorunun müdiri, Azərbaycan Hüquqşünasları Konfederasiyasının İdarə Heyətinin üzvü Çingiz Əsgərov kitabı redaktə edib.
Kitab nəşrə hazırlanan zaman BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının (UNHCR) Hüquq şöbəsinin müdiri Leyla Nuqmanova və müdir müavini Bela İsmayılova qeyd olunan nəşrin hazırlanması üzrə məsləhətlərini verib.
Nəşrə məsul şəxs isə Azərbaycan Hüquqşünasları Konfederasiyasının baş katibi Nadir Adilov olub.
Kitab hakimlər, hakimliyə namizədlər, prokurorlar, vəkillər və o cümlədən geniş hüquq ictimaiyyəti üçün nəzərdə tutulub.