Azərbaycan, Bakı, 19 yanvar /Trend, müxbir T. Hacıyev/
Yanvarın 21-də Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyinin məcsidlərində cümə namazı zamanı 20 Yanvar şəhidlərinin ruhuna dualar oxunacaq. Trend-in Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, dua mərasimi Dubaydakı "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun "AUGAF" dini məsələlər üzrə idarəyə yazılı müraciətinə əsasən həyata keçiriləcək.
BƏƏ-dəki soydaşlarımız 20 Yanvar faciəsinin 21-ci ildönümü münasibətilə anım tədbiri keçirərək şəhidlərin xatirəsini yad ediblər. "Azərbaycan" Cəmiyyətinin sədri Samir İmanovun verdiyi məlumata görə, anım mərasiminə azərbaycanlılarla yanaşı, türk icmasının təmsilçiləri, İraq türkmənləri, yerli ərəblər və digər xalqların nümayəndələri qatılıb. Cəmiyyət sədri 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet qoşun bölmələrinin Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliklər, bunun səbəbləri, həmin dövrdə mövcud olan siyasi durum barədə çıxış edib. O qeyd edib ki, həmin gün xalqımız tarixin ağır və sərt sınaqlarından birini yaşadı və mübariz, qəhrəman xalq olduğunu bir daha dünyaya sübut etdi.
"Hadisələrdən dərhal sonra ulu öndər Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək xalqımızın haqq səsini dünyaya çatdırdı, faciənin təqsirkarlarının Azərbaycan xalqı qarşısında cavab verəcəyini bildirdi", - İmanov əlavə edib.
İmanov onu da bildirib ki, 1994-cü il martın 29-da ölkə parlamenti ümummilli lider Heydər Əliyevin təklifinə əsasən bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verib.
Tədbir çərçivəsində 20 Yanvardan bəhs edən fotoşəkillərdən ibarət sərgi də təşkil olunub. Həmçinin qanlı hadisələrdən bəhs edən sənədli film göstərilib. Qonaqlara 20 Yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, eyni zamanda, Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabı təqdim olunub.
Cəmiyyətin sədri İmanov 20 Yanvar faciəsinin 21-ci ildönümü ilə bağlı BƏƏ parlamentinin sədrinə, Dubay Şeyxinin Aparatının rəhbərinə, İnsan Hüquqları İnstitutuna ətraflı məlumat göndərib.