...

Baş Prokurorluq ötən il Biləsuvarda baş vermiş qətllə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib

Cəmiyyət Materials 27 Yanvar 2011 10:57 (UTC +04:00)
Baş Prokurorluq Biləsuvarda Xəyalə Əsgərovanın ölüm faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv araşdırılması ilə bağlı bəzi KİV-də yayılan məlumatlara rəsmi münasibət bildirib.
Baş Prokurorluq ötən il Biləsuvarda baş vermiş qətllə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib

Azərbaycan, Bakı, 27 yanvar /Trend, müxbir K.Zərbalıyeva/

Baş Prokurorluq Biləsuvarda Xəyalə Əsgərovanın ölüm faktı ilə bağlı başlanmış cinayət işi üzrə istintaqın qeyri-obyektiv araşdırılması ilə bağlı bəzi KİV-də yayılan məlumatlara rəsmi münasibət bildirib.

Trend-in məlumatına görə, Baş Prokurorluğun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, mətbuatda yanvarın 25-də dərc edilimiş "Biləsuvarda qətlə yetirilən Xəyalə Əsgərovanın qanı batırılıb?" sərlövhəli məqalədə Biləsuvar rayonunun Əliabad kənd sakini Əsgərova Xəyalə Şücaət qızının qəsdən öldürülməsi faktı ilə bağlı başlanmış cinayət işinin istintaqının rayon prokurorluğunda qeyri-obyektiv aparılması barədə həqiqətə uyğun olmayan və real faktlara söykənməyən informasiyalar verilib.

Baş Prokurorluq bununla əlaqədar bildirir ki, 15 dekabr 2009-cu il tarixdə Xəyalə Əsgərovanın qəsdən öldürülməsi faktı üzrə həmin tarixdə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla müəyyən edilib ki, Coşqun Quliyev arvadı Xəyaləni aralarında qısqanclıq zəminində baş vermiş mübahisə zamanı yaşadığı evin həyətində balta ilə baş nahiyyəsinə çoxsaylı zərbələr vurmaqla qəsdən öldürüb.

Aparılmış istintaqla cinayətin məhz Coşqun Quliyev tərəfindən digər şəxslərin iştirakı olmadan törədilməsi təkzibedilməz dəlillərlə tam sübuta yetirilib və o, dekabrın 17-də Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Keçirilmiş məhkəmə-daktiloskopik ekspertizası ilə cinayətin aləti hesab edilən baltanın üzərində şəxsiyyətin müəyyən edilməsi üçün yararlı əl-barmaq izləri müəyyən edilməsə də, Coşqun Quliyevin törətmiş olduğu cinayət əməli iş üzrə toplanmış sübutlarla - özünün etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri və digər sənədlərlə təsdiq olunub.

Müəyyən edilib ki, baş vermiş hadisədən əvvəlki illərdə psixoloji durumu ilə əlaqədar özünə xəsarət yetirməsi ilə bağlı Coşqun Quliyevin barəsində rayon prokurorluğunda müvafiq araşdırmalar aparılıb.

İş üzrə keçirilən ambulator məhkəmə-psixiatrik ekspertizası zamanı Coşqun Quliyevin psixoloji durumu ilə bağlı əvvəllər Maştağa qəsəbəsində yerləşən 1 saylı psixiatrik xəstəxanada "Şizofreniya paranoid forması" diaqnozu ilə müalicə alması müəyyən edilib. Ambulator ekspertizası ilə Coşqun Quliyevin psixi vəziyyətinin dəqiqləşdirilməsi məqsədi ilə onun stasionar məhkəmə-psixiatrik ekspertizasına yerləşdirilməsi zəruri hesab edilib.

Stasionar məhkəmə-psixiatrik ekspertizasının 5 aprel 2010-cu il tarixli rəyi ilə Coşqun Quliyev cinayət əməlini törədərkən keçirdiyi xroniki psixi xəstəlik nəticəsində anlaqsız hesab edilib.

Cinayət işi üzrə istintaqın obyektivliyini, əldə edilmiş sübutları, o cümlədən ekspert rəylərinin mötəbərliyini təmin etmək məqsədi ilə, komisyon psixiatrik ekspertizası təyin edilib və 10 may 2010-cu il tarixdə alınmış rəylə Coşqun Quliyevin cinayəti törədərkən anlaqslz olması bir daha təsdiq olub.

Ötən il mayın 25-də Coşqun Quliyev barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə işin başlanması haqqında qərar çıxarılıb.

İyunun 11-də anlaqsız vəziyyətdə cinayət törətmiş Coşqun Quliyev barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üçün cinayət işi Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

Məhkəmənin 2 sentyabr 2010-cu il tarixli qərarı ilə cinayəti anlaqsız vəziyyətdə törətdiyindən Coşqun Quliyevin barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarında məcburi müalicə növlü tibbi xarakterli tədbir tətbiq edilib.

Həmin qərardan zərəçəkmiş şəxsin hüquqi varisi Şücayət Əsgərovun verdiyi apelyasiya şikayətinə Şirvan Apelyasiya Məhkəməsi tərəfindən baxılaraq, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılıb.

Göründüyü kimi, peşə etikasına riayət edilmədən və real faktlara söykənmədən sensasiya xatirinə yazılmış həmin məlumat, Baş Prokurorluğun mətbuat xidməti ilə dəqiqləşdirmə aparıldıqdan sonra dərc edilməli olduğu halda, qeyri-rəsmi mənbələrə istinad edilərək yayılmaqla cəmiyyətdə çaşqınlıq yaranmasına və prokurorluq orqanlarının cinayətkarlığa qarşı mübarizə sahəsindəki fəaliyyətinə kölgə salmağa xidmət edir.

Xəbər lenti

Xəbər lenti