Azərbaycan, Bakı, 3 fevral /Trend, müxbir Ü.İsmayılova/
2010-cu ildə Azərbaycana səfər edən xarici vətəndaşların sayı 1,85 milyon nəfər təşkil edib. Trend-in məlumatına görə, bu barədə Mədəniyyət və Turizm Nazirliyinin Aparat rəhbəri Firudin Qurbanovun hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytında yerləşdirilən müsahibəsində bildirilir.
"Ölkəyə gələn əcnəbilərin sayı 2005-ci ilə nisbətən 1,6 dəfə artıb", - Qurbanov bildirib.
Onun sözlərinə görə, artım Mədəniyyət və Turizm Nazirliyinin yaradıldığı dövrdən son beş il ərzində görülən bir sıra işlər nəticəsində təmin olunub.
Qurbanovun bildirdiyinə görə, hər il ölkəmizə gələn əcnəbilərin sayı 2 milyona yaxınlaşır. Ölkədə fəaliyyət göstərən turizm şirkətlərinin sayı 214-ə, mehmanxana və mehmanxana tipli obyektlərin sayı 2005-ci illə müqayisədə təxminən iki dəfə artaraq, 262-dən 477-yə çatır və onların 80 faizi regionlarda yerləşir.
Qurbanov onu da bildirib ki, turizmin inkişafı Azərbaycanda yeni iş yerlərinin açılmasına da stimul verir. 2010-cu ildə Bakıda beş beşulduzlu otel istifadəyə verilib. Ölkənin regionlarında beynəlxalq standartlara cavab verən otellər fəaliyyət göstərir.
Son dövrlərdə turizmin inkişafı ilə bağlı bir sıra proqramlar həyata keçirilib, yeni turizm marşurutları müəyyən olunub. Qusarda Şahdağ qış-xizək kompleksinin inşası davam etdirilir. Həmin layihənin dəyəri 1,5 milyard manatdır.
"Şahdağ qış-xizək kompleksi dünya standartlarına tamamilə cavab verən turizm-istirahət kompleksi olacaq. Hazırda bu kompleksin infrastrukturu, oraya yolun çəkilməsi, enerji təminatının həlli, otellərin tikilməsi ilə bağlı məsələləri öz həllini tapır", - o, deyib.
Nazirliyin Aparat rəhbərinin sözlərinə görə, respublikamızın digər regionlarında da turizm infrastrukturuna yüksək diqqət göstərilir. Qeyd etmək lazımdır ki, turizmin inkişafı üçün bir sıra sahələrdə əməkdaşlıq mütləq vacib xarakter daşıyır. "Bu mənada dünya bazarında rəqabətə davamlı turizm bazarının inkişafı istiqamətində fəaliyyət göstəririk", - Qurbanov bildirib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin 2011-ci ili "Turizm ili" elan etməsi çərçivəsində nazirlik xüsusi tədbirlər proqramı hazırlayıb və bu tədbirlər planı əsasında "Turizm ili"ndə görüləcək işlər müəyyənləşdirilib. Tədbirlər planının həyata keçirilməsi üçün işçi qrupu yaradılıb.
Qurbanov deyib ki, "Turizm ili" çərçivəsində bütün işlər 2010-2014-cü illəri əhatə edən turizmin inkişafı haqqında dövlət proqramına uyğun həyata keçirilir.