Azərbaycan, Bakı, 7 fevral/Trend/
Müşahidə Şurasının iclasında Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə hesabatın, 2011-ci il üçün Fondun Fəaliyyət proqramının, Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzularının müzakirəsi aparılıb.
Fondun icraçı direktoru Vüqar Səfərli Fondun 2010-cu il üçün həyata keçirdiyi tədbirlər və büdcədən ayrılmış vəsaitin xərclənməsi barədə məlumat verib. Onun sözlərinə görə, 2010-cu ildə dövlət büdcəsindən Fonda 2.301.558 manat vəsait ayrılıb.
İkinci məsələ ilə bağlı çıxış edən Müşahidə Şurasının sədri Umud Rəhimoğlu bildirib ki, Fondun 2011-ci il üçün fəaliyyət proqramının hazırlanması məqsədilə bütün təklif və rəylər nəzərə alınaraq Fondun 2011-ci il üçün fəaliyyət planı hazırlanıb. Vüqar Səfərli iclas iştirakçılarını 2011-ci ilin fəaliyyət proqramının ilkin layihəsi ilə tanış edib.
Sonda Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin mövzuları müzakirə edilib. Vüqar Səfərli müsabiqənin maliyyələşmə imkanları barədə MŞ üzvlərinə məlumat verib. Fondun imkanlarını nəzərə alan MŞ üzvləri Novruz Bayramı münasibətilə keçiriləcək fərdi jurnalist yazıları müsabiqəsinin 7 istiqamət üzrə keçirilməsi barədə qərar qəbul ediblər.