Azərbaycan, Bakı, 8 fevral /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanın baş prokuroru fevralın 8-də Macarıstanın hərbi prokuroru Arpad Kovaçın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Baş Prokurorluğun mətbuat xidmətindən çərşənbə axşamı Trend-ə verilən məlumata görə, baş prokuror Zakir Qaralov iki ölkə arasında siyasi, iqtisadi, enerji təhlükəsizliyi və digər sahələrdə əməkdaşlığın daha da dərinləşdirilməsi və inkişaf etdirilməsində ölkələrimizin maraqlı olduqlarını vurğulayıb. O, əməkdaşlığın tədricən yeni əməkdaşlıq mərhələsinə qədəm qoymaqla strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsindən söhbət açıb.
Baş prokuror qonaqlara ölkəmizin məhkəmə-hüquq sistemində aparılan islahatlar, prokurorluğun fəaliyyəti üçün zəruri hüquqi bazanın yaradılması, prokurorluq orqanlarında müasirləşmə prosesinin həyata keşirilməsi və köklü islahatların aparılması, eyni zamanda kadr siyasətində ciddi dönüşün yaradılması və şəffaflığın təmin edilməsi, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin fəaliyyəti, həmçinin respublika Hərbi Prokurorluğu orqanlarının strukturu, fəaliyyət istiqamətləri və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.
Respublikamızda aparılan məhkəmə-hüquq islahatları barədə məlumatlı olduğunu bildirən Arpad Kovaç hər iki ölkənin Hərbi prokurorluqları arasında əməkdaşlığın perspektivlərinin müzakirəsi, iş təcrübəsi və məlumat mübadiləsinin, həmçinin istintaq işinin effektivliliyinin artırılması məqsədilə qarşılıqlı səfərlərin həyata keçirilməsinin zəruriliyini vurğulayıb, eyni zamanda təmsil etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini xüsusi qeyd edib.
Görüşdə hərbi prokurorluq orqanları arasında ikitərəfli qarşılıqlı əlaqələrin genişləndirilməsinin və daha da inkişaf etdirilməsinin vacibliyi bildirilib, tərəfləri maraqlandıran məsələlər ətrafında faydalı fikir mübadiləsi aparılıb.
Qəbulda Baş prokurorun müavini, Respublika Hərbi prokuroru Xanlar Vəliyev və digər rəsmi şəxslər iştirak ediblər.