...

Azərbaycan Baş Prokurorluğu Lənkərandakı ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb

Cəmiyyət Materials 18 Fevral 2011 15:01 (UTC +04:00)
Azərbaycan Baş Prokurorluğu Lənkəran rayon prokurorluğunda baş verən ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb.
Azərbaycan Baş Prokurorluğu Lənkərandakı ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb

Azərbaycan, Bakı, 18 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Baş Prokurorluğu Lənkəran rayon prokurorluğunda baş verən ölüm faktı ilə bağlı rəsmi məlumat yayıb.

Baş prokurorluğun mətbuat xidmətindən cümə günü Trend-ə verilən məlumata görə, fevralın 16-da Lənkəran rayonunun Hirkan qəsəbə sakini Həsənova Qıztamam Qafar qızı Lənkəran rayon prokurorluğuna teleqram vuraraq özünün, ərinin və oğlunun rayon prokuroru tərəfindən qəbul edilməsini xahiş edib.

Fevralın 17-də Qıztamam Həsənova, əri - 1934-cü ildə anadan olmuş Həsənəli Qurbanəli oğlu Həsənov və oğlu Salman Həsənov rayon prokuroru Ramiz Nəbiyev tərəfindən prokurorluğun müfəttişi İlqar Qasımovun iştirakı ilə qəbul edilib.

Qıztamam Həsənova şikayət ərizəsini rayon prokuroruna təqdim edən zaman əri oturduğu yerdə ürəyini tutaraq oğlu Salman Həsənov tərəfə yıxılıb.

Rayon prokuroru Ramiz Nəbiyev tərəfindən dərhal təcili yardım stansiyasına zəng edilərək həkim dəvət olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Meyit daxili müayinə aparılması üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin rayon şöbəsinə göndərilib.

İlkin araşdırma zamanı müəyyən edilib ki, Həsənəli Həsənov sağlığında ürək xəstəliyindən əziyyət çəkməklə, uzun müddət həkim nəzarəti altında ambulator müalicə alıb. Bundan başqa, mərhumun arvadı Qıztamam Həsənova və oğlu Salman Həsənov izahatlarında Həsənəli Həsənovun xəstəliyi ilə əlaqədar öldüyünü bildirib və bununla bağlı heç bir şikayətlərinin olmamasını göstəriblər.

Hazırda faktla bağlı Baş Prokurorluqda araşdırmalar davam etdirilir.

Xəbər lenti

Xəbər lenti