...

BDU-nun Jurnalistika fakültəsində tələbələrlə baş redaktorların görüşü keçirilib (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2011 18:55 (UTC +04:00)
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib.
BDU-nun Jurnalistika fakültəsində tələbələrlə baş redaktorların görüşü keçirilib (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend, müxbir K.Zərbalıyeva/

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində tələbələrlə ölkənin aparıcı media qurumlarının rəhbərləri arasında görüş keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun təşəbbüsü ilə keçirilən görüşdə Fondun icraçı direktoru Vüqar Səfərli, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, 22 qəzet və media qurumlarının rəhbərləri, BDU-nun Jurnalistika fakültəsinin dekanı Yalçın Əlizadə, tələbə və müəllim heyəti iştirak edib.

Fonddan Trend-ə verilən məlumata görə, Səfərli Fondun yaranma tarixi, bu günə qədər gördüyü işlər, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının təkmilləşdirilməsi və jurnalistikanın inkişafı istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.

Tədbirin mahiyyətinə toxunan Səfərli bildirib ki, bu təşəbbüsü irəli sürməkdə əsas məqsəd Jurnalistika fakültəsində təhsil alan əlaçı tələbələrə qəzet redaksiyalarında təcrübə keçmək üçün şərait yaratmaq və gələcəkdə işlə təmin etməkdir.

O qeyd edib ki, bu sahədə ixtisaslı jurnalistlər iş tapmaqda çətinlik çəkirlər. Bu çətinliyi qismən aradan qaldırmaq üçün bir çox qəzetlərin baş redaktorları tədbirə dəvət edilib və onlar da Jurnalistika fakultəsi ilə əməkdaşlıq etməyə hazırdırlar.

Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, görüş jurnalistlərin inkişaf etməsində önəmli rol oynayacaq.

Tədbirdə iştirak edən baş redaktorlar da öz çıxışlarında tələbələrlə birgə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildiriblər.

Tədbirin sonunda BDU-nun Jurnalistika fakültəsinin dekanlığı tərəfindən tələbələrin siyahısının tərtib olunması və Fonda təqdim edilməsi barədə qərar qəbul olunub.

Fond isə tələbələrin təcrübə keçmək üçün redaksiyalara göndərilməsini təmin edəcək.

Xəbər lenti

Xəbər lenti