...

"Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı Türkiyə türkcəsində çap edilib

Cəmiyyət Materials 24 Mart 2011 14:26 (UTC +04:00)
Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı Türkiyə türkcəsində çap edilib.
"Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı Türkiyə türkcəsində çap edilib

Azərbaycan, Bakı, 24 mart /Trend/

Millət vəkili, siyasi elmlər üzrə fəlsəfə doktoru Qənirə Paşayevanın və "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının həmmüəllifi olduğu "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabı Türkiyə türkcəsində çap edilib. Trend-in məlumatına görə, kitab erməni silahlı birləşmələrinin 1990-cı il martın 23-dən 24-nə keçən gecə Qazax rayonunun Bağanıs Ayrım kəndində törətdiyi soyqırımdan bəhs edir.

Kitab 2010-cu ildə ingilis dilində çap edilərək bir sıra xarici ölkələrdə yayılıb və maraqla qarşılanıb.

Türkiyə türkcəsində nəşr olunmuş "Ermənilərin törətdiyi soyqırımın qurbanı - Bağanıs Ayrım" kitabının yaxın vaxtlarda Türkiyənin bir sıra şəhərlərində təqdimatı keçiriləcək. Kitab bu ölkənin millət vəkilləri, ictimai-siyasi xadimləri, qeyri-hökumət təşkilatları, universitetləri və kitabxanalarına paylanacaq.

Kitabda 1990-cı il martın 24-də erməni silahlılarının keçmiş sovet ordusuna məxsus hərbi texnikadan, müasir silahlardan istifadə edərək Qazax rayonunun Bağanıs Ayrım kəndinə hücum etməsindən, mülki əhalinin insanlığa sığmayan işgəncələrlə qətlə yetirilməsindən, diri-diri ocaqda yandırılmasından bəhs olunur.

Qazax rayonunun Bağanıs Ayrım kəndi 1990-cı ilin martın 23-dən 24-ə keçən gecə qabaqcadan təşkil edilən plan əsasında hücuma məruz qalıb və martın 24-ü səhər saatlarında ermənilər tərəfindən işğal olunub. İşğal zamanı Bağanıs Ayrım kəndinin əli silahsız, günahsız əhalisinə qarşı tarixdə görünməmiş divan tutulub. Onlarla insan qətlə yetirilib və yaralanıb.

Kənddə həmin gün 17 ev qumbaraatanla dağıdılıb, 11 ev isə quldurcasına qarət edilib. Faciə zamanı Əsliyevlər ailəsinin 5 üzvü işgəncələrlə qətlə yetirildikdən sonra üstlərinə benzin tökülərək yandırılıb. Alməmməd Məhərrəmov həyətindəki ot tayasına atılaraq diri-diri ocağa qalanıb. Qətlə yetirilən insanların böyüyü 75 yaşında Dədəş Əsliyev, ən kiçiyi isə beşikdə olan 39 günlük Hafiz olub. Bağanıs Ayrım kəndi 1990-cı il avqust ayının 20-də Ermənistan hərbi birləşmələri tərəfindən tamamilə işğal edilib və yandırılıb.

"Ermənilərin törətdiyi soyqırım qurbanı - Bağanıs Ayrım" kitabında əksini tapan faktlar istintaq materiallarından götürülüb. Kitabda müəlliflərin soyqırım şahidləri ilə spöhbətləri və şahidlərin xatirələri də yer alır. Kitabın baş məsləhətçisi Azərbaycan baş prokurorunun müavini, Respublikanın hərbui prokuroru Xanlar Vəliyevdir.

Kitabın çap olunmasında məqsəd beynəlxalq ictimaiyyyəti ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ilə yanaşı, Azərbaycanın Ermənistanla həmsərhəd olan digər bölgələrində (Qazax rayonunda) törətdiyi işğalçılıq və soyqırım siyasəti barədə daha geniş məlumatlandırmaqdır.

"Kitab vasitəsilə dünyaya Bağanıs Ayrım soyqırımını çatdırmaq istəyirik. Çünki bəzən elə təsəvvür yaranır ki, ermənilər təkcə Qarabağ və ətraf rayonlarda soyqırım törədiblər. Lakin Ermənistan dövləti, onun silahlı qüvvələri Qazax rayonunun yeddi kəndini işğal ediblər. Bu kitabda erməni vandalizmi konkret sənədlər, faktlar və fotomateriallarla sübut olunur", -
kitabın həmmüəllifi, millət vəkili Qənirə Paşayeva deyib.

Xəbər lenti

Xəbər lenti