...

Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Cəmiyyət Materials 26 Mart 2011 12:12 (UTC +04:00)
Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.
Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər

Azərbaycan, Bakı, 26 mart /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda övladlarının hüquqlarını pozan valideynlər cinayət məsuliyyətinə cəlb oluna bilərlər.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Aynur Sofiyeva Trend-ə bildirib ki, valideynlər tərəfindən uşaq hüquqlarının pozulmasının qarşısının alınması üçün valideynlərin məsuliyyəti artırılmalıdır.

Komitə rəsmisinin sözlərinə görə, Cinayət Məcəlləsinə əsasən, uşaqlara qarşı bəzi hərəkətlərin edilməsi cinayət tərkibi yaradır və cinayət məsuliyyətinə səbəb olur.

"Övladlarını erkən nikah bağlamağa məcbur edən, körpələr evlərinə atan, təhsildən yayındıran valideynlərə qarşı məsuliyyət gücləndirilməlidir. Bu məsuliyyət hən inzibati, həm də cinayət məsuliyyəti ola bilər", - Sofiyeva vurğulayıb.

Sədr müavini bu istiqamətdə ciddi iş aparılmasını vacib sayıb və qeyd edib ki, komitə artıq bu yöndə fəaliyyətə başlayıb.

Erkən nikah probleminə toxunan Sofiyeva bildirib ki, problemin həlli məqsədilə Komitə qızlar üçün nikah yaşının 17-dən 18 yaşa qaldırılması barədə təkliflə çıxış edib.

O, deyib ki, xüsusən rayonlarda valideynlər öz övladlarını erkən yaşda nikah bağlamağa məcbur edirlər.

Valideynlərin əksəriyyətinin erkən nikahların övladları üçün yaratdığı problemlərdən xəbərsiz olduğunu deyən Sofiyeva bu istiqamətdə maarifləndirmə işinin aparılmasını vacib sayıb.

"Valideynlər övladlarını erkən yaşda nikaha cəlb etməklə onlara böyük problemlər yaratdıqlarından xəbərsizdirlər. Araşdırmalara görə, doğulan qüsurlu uşaqların əksəriyyəti erkən nikahdan dünyaya gələnlərdir. Boşananların, məişət zorakılığı qurbanlarının əksəriyyəti erkən nikaha girən ailələrin üzvləridir. Erkən nikaha girənlər, xüsusən də qızlar ailə məsuliyyətini dərk etmirlər", - Komitə rəsmisi vurğulayıb.

O, qeyd edib ki, erkən yaşda nikah bağlamağa məcbur edilən uşaq təhsilini başa vura bilmir. Uşaqların sərbəst qərar vermək imkanı olmadığından, valideynləri onlar barədə qərar verirlər.

"Uşaqların bütün hüquqları valideynlərindədir. Valideyn uşağın hüquqlarını pozaraq onu ailə qurmağa məcbur edir. Valideynlər bəzi hallarda bunun səhv addım olduğunu dərk edirlər. Bəzən isə fikirləşirlər ki, bu addımı atmaqla uşaqlarına xoşbəxt gələcək qururlar. Valideynlər mütləq maariflənməli və övladları barədə yanlış qərarlar verməməlidirlər", - Sofiyeva deyib.

Komitə rəsmisi bildirib ki, Azərbaycanda 17 yaşadək təqribən 3 mindən artıq nikah var. Azərbaycanda qüvvədə olan Ailə Məcəlləsinə görə, nigah yaşı qızlar üçün 17, oğlanlar üçün 18 yaşdır.

Xəbər lenti

Xəbər lenti