...

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edən kitabın təqdimatı keçirilib (FOTO)

Cəmiyyət Materials 29 Mart 2011 14:38 (UTC +04:00)
"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının təqdimatı keçirilib.
Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı törətdikləri soyqırımdan bəhs edən kitabın təqdimatı keçirilib (FOTO)

Azərbaycan, Bakı, 29 mart /Trend, müxbir T.Hacıyev/

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlının "31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabının təqdimatı keçirilib. Trend-in məlumatına görə, çərşənbə axşamı keçirilən təqdimat mərasimində millət vəkilləri, media qurumlarının rəhbərləri, ictimai və siyasi xaddimlər iştirak edib.

Tədbiri giriş sözü ilə "525-ci qəzet"in baş redaktoru Rəşad Məcid açaraq kitabın əhəmiyyətindən danışıb.

Millət vəkili Qənirə Paşayeva çıxışında Akif Aşırlıya belə bir kitabı hazırladığına görə təşəkkür edib və bunun çətin, eyni zamanda əhəmiyyətli iş olduğunu bildirib. Paşayeva, həmçinin qeyd edib ki, bu cinayəti törətmiş millətin tarix qarşısında cavab verməsi üçün işlər görmək lazımdır.

Millət vəkili və yazıçı Sabir Rüstəmxanlı da kitabın erməni vəhşiliklərini dünya ictimaiyyətinə çatdırmaq baxımından böyük əhəmiyyətə malik olduğunu qeyd edib. O, Azərbaycanda Soyqırım Muzeyinin yaradılmasının vacib olduğunu deyib.

"Soyqırım Muzeyinin yaradılması həm Azərbaycan tarixi üçün, həm də informasiya mübarizəsində uğur qazanmaq üçün vacibdir", - Rüstəmxanlı əlavə edib.

Tarixçi alim və millət vəkili Musa Qasımlı qeyd edib ki, ermənilərin həmin illərdə azərbaycanlılara qarşı soyqırım siyasəti həyata keçirməsinin əsas məqsədi Bakını azərbaycanlılarsız şəhərə çevirmək olub.

"Bu soyqırım siyasəti ona görə həyata keçirilib ki, Bakı şəhərində azərbaycanlılar qalmasın və gələcəkdə Bakı Azərbaycan dövlətinin paytaxtı olmasın. Bu, tarix boyu Azərbaycanın müstəqilliyinə qarşı atılan addımlardan biri idi və həmin addım uğursuzluğa düçar oldu. Bakını azərbaycanlıların əlindən almaq mümkün olmadı", - Qasımlı deyib.

Daha sonra çıxış edənlər də kitabın əhəmiyyətindən söz açıblar və ermənilərin tarix boyu azərbaycanlılara qarşı həyata keçirdiyi məkrli siyasətdən danışıblar.

"31 mart soyqırımı: 1918-1920-ci illər mətbuatında" kitabında soyqırım tarixşünaslığı üçün yenilik sayılacaq faktlar, məqalələr öz əksini tapıb. "Azərbaycan", "İstiqlal", "Hümmət" kimi mətbu orqanlarıyla yanaşı, ilk dəfə olaraq adı mətbuat tariximizə daxil edilən, 1918-ci ildə Tiflisdə nəşr olunan "Qardaş qayğısı" qəzetində çap olunmuş məqalələr ərəb qrafikasından müasir əlifbaya çevrilərək oxuculara çatdırılıb. Bununla yanaşı, kitabda əslən Maştağadan olan Seyidağa Axundzadənin 1919-cu ildə "Turan" mətbəəsində çap olunmuş "Mart hadisəsi 1918..." kitabı da ilk dəfə olaraq müasir əlifbada kitaba daxil edilib.

Bakı Soveti və daşnak erməni silahlı dəstələri 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Səlyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə azərbaycanlılara qarşı soyqırım aktı həyata keçiriblər. Rəsmi mənbələrə əsasən, soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı qətlə yetirilib, on minlərlə insan itkin düşüb.

Xəbər lenti

Xəbər lenti