Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir K.Zərbalıyeva/
Kəlbəcərdən olan məcburi köçkün məktəblilər onlara dövlət tərəfindən verilən 1 aylıq çörək pullarını Yaponiyada yaşayan uşaqlara veriblər.
Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasından (ARGTMŞ) şənbə günü Trend-ə verilən məlumata görə, bir qrup Kəlbəcərdən olan məcburi köçkün uşaqların müraciəti əsasında onlar Yaponiya səfirliyində olublar.
Kəlbəcərin işğalı günü həmin rayondan olan uşaqlar Yaponiyada baş vermiş təbii fəlakət nəticəsində öz ölkələrində faciə yaşayan yapon həmyaşıdlarına dəstək olublar.
Məktəblilər yapon həmyaşıdlarına yazdıqları məktublarını və onlara dövlət tərəfindən verilən 1 aylıq müavinətlərini Yaponiyada yaşayan uşaqlara çatdırmaq üçün səfirə təqdim ediblər.
Milli Şuranın Parlament Jurnalistləri Birliyi ilə birgə təşkil etdiyi tədbirdə ARGTMŞ sədri Fuad Muradov bildirib ki, 19 ildir Kəlbəcərdən olan insanlar köçkün həyatı yaşayırlar.
Muradov qeyd edib ki, Yaponiya dövləti də öz növbəsində həmin qaçqın və məcburi köçkünlərin sıxıntı hiss etməməsi üçün çox çalışır.
"Bu uşaqlar da faciə ilə üzləşiblər. Odur ki, bu gün Yaponiyada olan həmyaşıdlarına dəstək vermək üçün bura gəliblər. Ermənistanın ölkəmizə təcəvüzü nəticəsində öz yurd-yuvalarından didərgin düşən bu uşaqlar faciə nəticəsində zərər çəkən yaponiyalı uşaqların dərdinə şərik olurlar", - Muradov virğulayıb.
Yaponiyanın Azərbaycandakı səfiri Suşuke Vatanabe məktəblilərin Yaponiyada baş verən təbii fəlakət nəticəsində həlak olan həmyaşıdlarına dəstək olmasını yüksək qiymətləndirib.
"Mən bu gün Azərbaycan xalqının səmimi qəlbini daha dərindən hiss etdim. Yaponiya hazırda çox ağır günlər keçirir. Yaponiyada təbii fəlakət baş verən günlər ərəfələrində Azərbaycan Prezidenti İlham Əliyev bizim imperatorumuza başsağlığı məktubu göndərib, həmçinin, qısa müddət ərzində bir milyon dollar miqdarında yardım edib. Həm Azərbaycan hökumətinin diqqət və yardımı, həm də bu gün uşaqların məktubu və yığdıqları pul məni çox təsirləndirdi. Mən bu pulu mütləq Yaponiyaya göndərəcəyəm. Yaponiyada belə bir atalar sözü var: əsl dost dar gündə tanınar. Azərbaycan da Yaponiyanın bu dar günündə öz dost, yardım əlini uzatdı", - səfir bildirib.