...

Azərbaycanda zorakı ölümlərin məhkəmə-tibbi ekspertizasının nəticələri açıqlanıb

Cəmiyyət Materials 4 Aprel 2011 12:25 (UTC +04:00)
Azərbaycanda zorakı ölümlərin əksəriyyəti yol-nəqliyyat hadisələrində qeydə alınıb.
Azərbaycanda zorakı ölümlərin məhkəmə-tibbi ekspertizasının nəticələri açıqlanıb

Azərbaycan, Bakı, 4 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda zorakı ölümlərin əksəriyyəti yol-nəqliyyat hadisələrində qeydə alınıb.

Bu barədə bazar ertəsi Trend-ə Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin baş direktoru professor Şakir Musayev məlumat verib.

Musayevin sözlərinə görə, müayinə olunan meyitlərin 2 576-sı zorakı ölümlə bağlı olub və bunun da 70,8 faizi (1826 nəfər) bədbəxt hadisə nəticəsində baş verib.

"2010-cu ildə zorakı ölümlər, o cümlədən bədbəxt hadisələr arasında birinci yerdə yol-nəqliyyat hadisələrinin qurbanlarıdır. Bu sahədə 2008-ci il istisna olmaqla, 2005-ci ildən getdikcə azalma müşahidə olunur", - baş direktor vurğulayıb.

Musayevin sözlərinə görə, ötən il qeydə alınan 1130 nəqliyyat travmasından ölənlərin 1093-ü (96,7 faiz) avtmobil, 13-ü dəmiryol, 11-i traktor, 11 isə motosiklet qəzası nəticəsində həlak olub. Nəqliyyat travmalarından ölənlərin 31,1 faizi sürücü, 35,6 faizi sərnişin, 33,3 faizi piyada olub.

Məhkəmə-tibbi ekspertizanın analizlərinə görə, paytaxtda və iri şəhərlərdə (Gəncə və Sumqayıt) yol-nəqliyyat hadisəsi nəticəsində aldığı xəsarətdən ölənlərin 43,1 faizini piyadalar, kənd rayonlarında isə 23,6 faizini piyadalar, 42,7 faizini sərnişinlər təşkil edir.

Birliyin baş direktoru bildirib ki, yol-nəqliyyat hadisəsi nəticəsində çoxsaylı (3 və daha artıq) ölüm halların sayı ötən illərə nisbətən azalıb.

Yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin 887-si (78,5 faiz) kişi, 243-ü (21,5 faiz) qadın olmaqla, onların əksəriyyətinin (81,6 faiz) yaş həddi 17-60 yaş olub.

Ayrı-ayrı hadisələr nəticəsində ölmuş və məhkəmə-tibbi ekspertizası keçirilmiş 226 uşaq meyitinin 94-ü, yəni 41,6 faizi nəqliyyat travmaları ilə bağlıdır.

Musayev bildirib ki, Azərbaycanda ötən il ərzində 50 000-ə yaxın məhkəmə-tibb ekspertizası və müayinələr aparılıb.

Aparılan ekspertizalardan 38 455-i canlı şəxslərin, 3 532-si meyitlərin, qalanları isə laborator xidmət sahələrində bioloji və qeyri-bioloji maddi sübutların müayinəsi olub. Müayinə olunmuş meyitlərdən 75-i 19 xarici ölkənin vətəndaşları olub ki, onlardan da Rusiya Federasiyası, Türkiyə və Gürcüstan vətəndaşları çoxluq təşkil edir.

Xəbər lenti

Xəbər lenti