...

Heydər Əliyev Fondunun layihəsi çərçivəsində reabilitasiya mərkəzinin açılış mərasimi olub

Cəmiyyət Materials 5 Aprel 2011 15:51 (UTC +04:00)
Heydər Əliyev Fondu və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində çərşənbə axşamı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa edilən reabilitasiya mərkəzinin açılış mərasimi olub.
Heydər Əliyev Fondunun layihəsi çərçivəsində reabilitasiya mərkəzinin açılış mərasimi olub

Azərbaycan, Bakı, 5 aprel /Trend, müxbir S.Ağayeva/

Heydər Əliyev Fondu və Rusiyanın "Uralsib" maliyyə korporasiyasının birgə əməkdaşlıq layihəsi çərçivəsində çərşənbə axşamı xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün inşa edilən reabilitasiya mərkəzinin açılış mərasimi olub. Bu barədə Trend-ə Heydər Əliyev Fondundan məlumat verilib.

Gerçəkləşən layihə Fondun prezidenti Mehriban xanım Əliyeva və Rusiyanın "Uralsib" maliyyə korporasiyası rəhbərliyinin imzaladığı memorandum əsasında inşa olunub.

Bakının Yeni Günəşli yaşayış massivində istifadəyə verilən reabilitasiya mərkəzi modern üslubda layihələndirilmiş 3 mərtəbəli bina və yardımçı binadan ibarətdir. Mərkəzdə əqli və fiziki inkişafa, sağlamlığın bərpasına kömək edən proqramların həyata keçirilməsinə əlverişli şərait yaradılıb. Burada sağlamlığında məhdudiyyəti olan uşaqların fiziki və əqli imkanlarının qiymətləndirilməsi, müalicəvi idman və fiziki tərbiyə, masaj, parafin otaqları, müalicəvi vannalar və hovuz peşəkar səviyyədə bərpa-inkişafa kömək məqsədi daşıyır. Həyata keçiriləcək bərpa proqramları xüsusi qayğıya ehtiyacı olan uşaq və yeniyetmələrdə həyati zəruri vərdişlərin kasadlığı, ünsiyyət qurmaq imkanlarının məhdudluğu, ibtidai təhsildən uzaq düşmə kimi problemləri aradan qaldırmaqla yanaşı, dünyagörüşü artırmağa, nitqi inkişaf etdirməyə, hərəkət fəallığını aktivləşdirməyə kömək edəcək.

Müasir informasiya texnologiyası ilə təmin olunmuş mərkəzdə art terapiya otağı da fəaliyyət göstərəcəkdir. Burada fiziki imkanların inkişafına kömək edən mühitin yaradılması, müstəqil yaşamaq vərdişlərinin öyrədilməsi, peşə yonümü əlillərin sosial mühitə inteqrasiyasını asanlaşdırmağa xidmət edəcək. Loqopedik xidmət, ailə problemlərinin çözülməsi məqsədilə yaradılan şərait isə onlarda psixoloji gərginliyin azalmasına yardım məqsədi daşıyır.

Binada iki böyük lift quraşdırılıb, istilik, kondinsioner və havalandırma sistemi təchiz olunub. Kommunal xidmət üçün nəzərdə tutulan yardımçı binanın üstündə sahəsi 523 kvadratmetr olan açıq tipli idman meydançası yerləşdirilib.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün nəzərdə tutlan yeni reabilitasiya mərkəzi hər gün 60 uşaq və yeniyetməni qəbul edə bilər.

Xüsusi qayğıya ehtiyacı olan uşaqlara daim diqqət və qayğı ilə yanaşan Fondun dəstəyi ilə Bakıda Respublika kor və görmə qabiliyyəti zəif olan uşaqlar üçün internat məktəbində informasiya texnologiyalarına çıxışı təmin edən layihə həyata keçirilib, gözdən əlil uşaqlar üçün musiqi məktəbi, Nərimanov rayonunda uşaqlar üçün psixonevroloji mərkəz, Gəncə və Naxçıvan şəhərlərində fiziki qüsurlu insanlar üçün regional informasiya mərkəzləri istifadəyə verilib.

Xəbər lenti

Xəbər lenti