...

Ekologiya Nazirliyi Şəki Regional Hidrometeorologiya Müəssisəsində nöqsanlar aşkarlayıb

Cəmiyyət Materials 7 Aprel 2011 15:23 (UTC +04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib.
Ekologiya Nazirliyi Şəki Regional Hidrometeorologiya Müəssisəsində nöqsanlar aşkarlayıb

Azərbaycan, Bakı, 7 aprel /Trend, müxbir T.Hacıyev/

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mütəxəssisləri tərəfindən Şəki Regional Hidrometeorologiya Müəssisəsində (RHM) aparılmış araşdırma zamanı bir sıra nöqsanlar aşkar edilib. Bu barədə cümə axşamı Trend-ə nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova məlumat verib.

Onun sözlərinə görə, araşdırma nəticəsində müəyyən olunub ki, müəssisənin direktoru Akif Abbasov fəaliyyətinin son illəri ərzində müvafiq ixtisaslı gənc kadr potensialından istifadə etməyib.

"Mütəxəssislərə ehtiyac olduğu halda, təcrübəsiz, müəssisənin fəaliyyət profilindən xəbərsiz olan şəxsləri işə cəlb edib. Həmçinin, bu işçilərin əksəriyyətinin müəssisənin direktoru ilə qohumluq əlaqəsində olduğu da məlum olub", - İbarahimova əlavə edib.

O qeyd edib ki, Şəki RHM-in tabeliyindəki Qəbələ və Oğuz hidrometeoroloji stansiyalarının fəaliyyətində də çatışmazlıqlar müəyyən edilib.

"Ekologiya və təbii sərvətlər nazirinin müvafiq əmri ilə Şəki RHM-in direktoru Abbasov, bir sıra hidrometeoroloji stansiya və məntəqə rəhbərləri tutduqları vəzifədən azad edilib, mövcud nöqsanların aradan qaldırılması istiqamətində konkret tədbirlər müəyyənləşdirilib", - İbrahimova deyib.

Xəbər lenti

Xəbər lenti