...

Azərbaycanda Çernobıl faciəsinin 25-ci ildönümü qeyd olunub (FOTO)

Cəmiyyət Materials 26 Aprel 2011 15:21 (UTC +04:00)
Azərbaycanda Çernobıl faciəsinin 25-ci ildönümü qeyd olunub.
Azərbaycanda Çernobıl faciəsinin 25-ci ildönümü qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 26 aprel /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Çernobıl faciəsinin 25-ci ildönümü qeyd olunub. Trend-in məlumatına görə, çərşənbə axşamı Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının binasında keçirilən tədbirdə Azərbaycan Çernobl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahir Süleymanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Məmmədov, Çernobıl əlilləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Çernobıl Əlilləri İttifaqının sədri Mirhəsən Həsənov açıb. O qeyd edib ki, Çernobıl atom elektrik stansiyasında 1986-cı il aprelin 26-da baş vermiş qəzanın nəticələrinin aradan qaldırılmasında Azərbaycandan 7000-dən artıq adam iştirak edib. Onun sözlərinə görə, 1990-cı ilə qədər bu hadisə ilə bağlı cəmiyyətə informasiya verilmirdi. Bu məxfiliyin nəticəsində çox böyük problemlər baş verib.

"Ötən əsrin 90-cı illərinin əvvəllərində Çernobıl əlillərinə qarşı münasibət başqa olub. Müvafiq qanunvericilik aktları, Çernobıl əlillərinin statusunun müəyyənləşməsinə qədər önəmli qərarlar olmayıb. 1993-cü ildə ulu öndər Heydər Əliyevin yenidən Azərbaycanda hakimiyyətə qayıdışından sonra Çernobıl əlillərinin statusu haqqında qanun qəbul olunub. Sonrakı dövrlərdə də Çernobıl əlillərinin sosial müdafiəsinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu ilin aprelin 22-də Azərbaycan prezidentinin fərmanı ilə Çernobıl əlillərinin hər birinə birdəfəlik maddi yardım verilməsi də təqdirəlayiq haldır", - o vurğulayıb.

Tədbirdə çıxışı zamanı Azərbaycan Respublikası Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdir müavini Tahr Süleymanov qeyd edib ki, o dövrdə belə bir hadisənin baş verməsinin cəmiyyətdən gizlədilməsi nəticəsində təhlükənin nə dərəcədə olması barədə insanlar məlumatlı deyildilər və ona görə də qəzanın fəsadları daha da çox olub.

"Çernobıl qəzasının baş verməsindən sonra Kommunist Partiyasının Siyasi Bürosunun iclası zamanı yalnız Heydər Əliyev bu məsələ barədə cəmiyyətə ətraflı məlumatın verilməsini tələb etmişdi. Sovet hakimiyyətinin antixalq siyasətinin nəticəsi olaraq, bu hadisə cəmiyyətdən gizlədildi və daha böyük fəsadlara gətirib çıxardı", - Süleymanov əlavə edib.

Onun sözlərinə görə, bu hadisədən sonrakı dövrlərdə də baş verən hadisələr göstərdi ki, heç kim belə faciələrdən sığortalanmayıb.

"Hətta dünyanın ən çox inkişaf etmiş ölkəsi olan Yaponiyada da belə hadisə baş verib. Bu gün Azərbaycanın qonşuluğunda, Ermənistan ərazisində potensial təhlükə mənbəyi olan "Metsamor" atom elektrik stansiyası fəaliyyət göstərir. Bu stnasiyanın fəaliyyətinin dayandırılması üçün Azərbaycanın ictimai təşkilatları, o cümlədən Çernobıl Əlilləri İttifaqı beynəlxalq təşkilatlara müraciətlər ünvanlamalıdır", - o deyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi Natiq Məmmədov öz növbəsində qeyd edib ki, bu gün Azərbaycanda Çernobıl əlillərinin sosial müdafiəsi gücləndirilir.

Məmmədov onu da qeyd edib ki, Azərbaycanda Çernobıl əlilləri və dünyasını dəyişmiş çernobıl əlillərinin yaxın qohumları üçün yaşayış binası tikilir. Bundan əlavə, Çernobıl əlillərinə pulsuz avtomobillər verilir.

Daha sonra çıxış edən natiqlər ölkəmizdə Çernobıl əlillərinin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən bəhs ediblər. Əlillər öz çıxışlarında Azərbaycan Prezidenti İlham Əliyevə əlillərə hər zaman diqqət və qayğı göstərdiyinə görə təşəkkürlərini bildiriblər.

Xəbər lenti

Xəbər lenti