Azərbaycan, Bakı, 2 may /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda prokurorluq orqanlarında 100 ştat vahidi üzrə elan edilmiş müsabiqə ilə əlaqədar sənəd qəbulu başa çatıb.
Baş Prokurorluğun mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, işə qəbulla bağlı sənəd vermiş 454 namizəd üçün test imtahanı mayın 18-də saat 10:00-da Azərbaycan Texniki Universitetinin "İdman Sarayı"nda (Bakı şəhəri, Ayna Sultanova küçəsi, 5) keçiriləcək.
Namizədlər mayın 11-dən etibarən sənədlərin qəbulu barədə qəbzi və şəxsiyyət vəsiqəsini təqdim etməklə, test imtahanlarının suallar toplusunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının inzibati binasından (Bakı şəhəri, akademik Həsən Əliyev küçəsi, 17) əldə edə bilərlər.
İmtahanın keçiriləcəyi ünvan və vaxt barədə məlumatlar "Test imtahanına buraxılış vərəqəsi"ndə, imtahanın keçirilməsi qaydaları isə "Yaddaş kitabçası"nda əks etdiriləcək.
İmtahana buraxılmış namizədlər mayın 12-13-də saat 09:15-dən 18:00-dək şəxsiyyət vəsiqəsini və sənədlərin qəbulu barədə qəbzi təqdim etməklə, "Yaddaş kitabçası"nı və "Test imtahanına buraxılış vərəqəsi"ni Baş Prokurorluğun əsas inzibati binasının qəbul otağından (Bakı şəhəri, N.Rəfibəyli küçəsi, 7) ala bilərlər.