Azərbaycan, Bakı, 6 may /Trend, müxbir M.Əliyev/
Əgər bu gün Azərbaycanda bir qrup şəxs "Hicaba azadlıq" şüarı ilə çıxış edirsə, bu o demək deyil ki, ölkədə hicab geyinməklə bağlı qadağa mövcuddur. Trend-in məlumatına görə, bu barədə cümə günü jurnalistlərə vitse-spiker Bahar Muradova Təhsil Nazirliyi qarşısında bu gün keçirilən etiraz aksiyasını şərh edərkən bildirib.
"Azərbaycanda cəmiyyət demokratikdir və istənilən şəxs öz fikirlərini sərbəst ifadə edə bilər. Lakin onlar qanun çərçivəsində ifadə olumalıdır", - Muradova bildirib.
Onun sözlərinə görə, heç bir qanun, heç bir qərar hicab geyinməyi qadağan etmir.
"Azərbaycanda vahid məktəbli forması haqqında qərar var və hər bir kəs həmin qaydalara riayət etməlidir", - Muradova deyib.
Cümə günü Bakıda dindarlardan ibarət qrup Təhsil Nazsirliyi qarşısında icazəsiz aksiya keçirməyə cəhd göstərib.
50-yə yaxın şəxs məktəblərdə şagirdlərə hicab geyinməsinə qadağaya etiraz əlaməti olaraq nazirliyin binası qarşısında toplaşıblar.
Polis aksiyanın qarşısını alıb, fəallardan bir neçəsi saxlanılıb.