Azərbaycan, Bakı, 11 may /Trend, müxbir M.Əliyev/
Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş dövlət qurumları arasında "Parlament kuboku - 2011" futbol turnirinin çərşənbə günü açılış mərasimi keçirilib.
Trend-in məlumatına görə, Bakı Dövlət Universitetində (BDU) keçirilən turnirin açılış mərasimində Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov bildirib ki, hazırda Azərbaycanda futbola dövlət səviyyəsində dəstək var və ümummilli lider Heydər Əliyevin xatirəsinə təşkil olunan turnir bunun bir daha sübutudur. Parlamentin birinci vitse-spikeri ümidvar olduğunu bildirib ki, turnir Azərbaycan gənclərinin futbola nə dərəcədə maraq göstərdiklərini nümayiş etdirəcək.
"Ümummilli liderin xatirəsinə təşkil olunan turnirdə məğlub olan tərəf olmayacaq, qələbə qazanan isə Azərbaycan futbolu olacaq", - BDU rektoru, millət vəkili Abel Məhərrəmov açılış mərasimində bildirib.
AFFA-nın vitse-prezidenti, millət vəkili Rauf Əliyev turnirin açılışında bildirib ki, çempionatın keçirilməsi Azərbaycan Prezidentinin ölkə idmanına qayğısının təzahürüdür. 2011-ci ildə Azərbaycan futbolunun 100 illik yubileyinin qeyd olunduğunu bildirən Əliyev ölkədə bayram tədbirlərinin keçiriləcəyini deyib.
"Parlament kuboku - 2011" futbol turnirinin açılış oyununda Milli Məclisin və Konstitusiya Məhkəməsinin komandaları qarşılaşıblar.
Turnirdə həmçinin Xarici İşlər Nazirliyi, Prezident Administrasiyası, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Ali Məhkəmə, Vergilər Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Nəqliyyat Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə Nazirliyi və İqtisadi İnkişaf Nazirliyinin komandaları çıxış edirlər.