Azərbaycan, Bakı, 15 may /Trend, müxbir C. Ağayeva/
Azərbaycanın "Avroviziya 2011"də qələbəsi dövlətimizin yürütdüyü mədəniyyət siyasətinin qələbəsidir, bunu bazar günü Trend-ə Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev deyib.
Beynəlxalq yarışmada Azərbaycan təmsilçilərinin qələbəsini yüksək qiymətləndirən səfir hesab edir ki, özünəməxsus milli mədəniyyətə, həm də Qərb dəyərlərinə yiyələnmiş bir xalq kimi tanınmağımıza bu qələbə ciddi bir töhfədir.
"Hesab edirəm ki, Bakının gələn il Avroviziya 2011-in paytaxtı olması faktı dünya azərbaycanlıları üçün bir şərəfdir", Quliyev vurğulayıb.
Azərbaycan təmsilçiləri Eldar Qasımov və Nigar Camal (Ell/Nikki) "Running Scared" mahnısı ilə "Avroviziya 2011" müsabiqəsinin qalibi olub.
56-cı dəfə təşkil olunan yarışmanın şüarı "Feel Your Heart Beat!" (Öz ürəyinin döyüntüsünü hiss et) idi. Müsabiqənin sonunda sms- səsvermə və proffesional juri seçimi nəticəsində "Avroviziya 2011" qalibi 221 xal toplayan Azərbaycan oldu (Ell/Nikki - "Running Scared").
Yarışda ikinci yeri İtaliya (Raphael Gualazzi - "Madness Of Love" - 189 xal), üçüncü yeri İsveç (Eric Saade - "Popular" - 185 xal) tutub.
Azərbaycana müsabiqədə ən yüksək - 12 xalı Rusiya, Türkiyə və Malta, 10 xal isə Ukrayna, Yunanıstan, Xorvatiya, San-Marino, Rumıniya və Moldova veriblər.