Azərbaycan, Bakı, 18 may /Trend, müxbir M.Əliyev/
Azərbaycanın idman tarixində ilk dəfə süni relyefdə qayayadırmanma üzrə respublika çempionatı keçirilib. Bu barədə Trend-ə çərşənbə günü Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasından bildirilib.
Yarışda Federasiyanın "A+A", "Ekosport", "Climb-club", "AMEAST", "AzDBTİA", "Salavat", "Zirvə" klubları ilə yanaşı, respublikanın digər qurumlarının idmançıları və Gürcüstandan gəlmiş qayayadırmananlar iştirak edib.
Ümumilikdə, 70-ə yaxın idmançının qatıldığı açıq ölkə çempionatı Bakıdakı "Green Rock" süni qayayadırmanma klubunda keçirilib.
Birincilik uğrunda mübarizə kişilər və qadınlar arasında bir neçə mərhələdə davam edib.
Beynəlxalq İdman Qayayadırmanması Federasiyasının üzvü olan Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə təşkil olunan çempionatda kişilər arasında ilk 3 yeri gürcüstanlı qayayadırmananlar (I yer - Dabrundaşvili Quram, II - Mikaladze Erekle, III - Xutşişvili Quram) tutublar.
Qadınlar arasında keçirilən yarışlarda ilk 2 yerdə gürcülər, 3-cü yerdə isə Azərbaycan idmançısı (I yer - Xutşişvili Nutsa, II - Meladze Tamara, III - Maşkova Yanina) qərarlaşıb.
Yaxın müddətdə çempionatın mürəkkəblik altnövü üzrə növbəti mərhələsi də "Green Rock" klubunda keçiriləcək.