...

Azərbaycanda doktoranturada təhsil haqqının müəyyənləşdirilməsi üçün Tarif Şurasına müraciət ediləcək

Cəmiyyət Materials 24 May 2011 12:20 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktorantura səviyyəsi üçün təhsil haqqının müəyyənləşdirilməsi məqsədilə Tarif Şurasına müraciət edəcək.
Azərbaycanda doktoranturada təhsil haqqının müəyyənləşdirilməsi üçün Tarif Şurasına müraciət ediləcək

Azərbaycan, Bakı, 24 may/ Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) doktorantura səviyyəsi üçün təhsil haqqının müəyyənləşdirilməsi məqsədilə Tarif Şurasına müraciət edəcək. Trend-in məlumatına görə, bunu çərşənbə axşamı jurnalistlərə açıqlamasında AMEA prezidenti Mahmud Kərimov deyib.

AMEA prezidentinin sözlərinə görə, bu gün akademiyada doktorantura səviyyəsində təhsil haqqı digər ölkələrlə müqayisədə çox aşağıdır. Hazırda xarici vətəndaşlar üçün təhsil haqqı təxminən 2000 dollardır.

Kərimov deyib ki, əgər Tarif Şurası bu rəqəmi qəbul etsə, onda təhsil haqqı elə bu səviyyədə də qalacaq.

"Akademiyada pullu doktorantura nəzərdə tutulmayıb. Amma bunun sonra olub-olmayacağını deyə bilmərəm. Mən şəxsən özüm bunun əleyhinəyəm. Pulla alim olmaq düzgün deyil. Doktoranturada ödənişli əsaslarla təhsil xarici vətəndaşlar üçündür. Onlar üçün təhsil haqqını AMEA özü müəyyənləşdirmişdi. Bu gün isə Azərbaycanda Tarif Şurası var. Şura yəqin ki, təhsil haqqını müəyyənləşdirib bizə öz tövsiyəsini verəcək", - Kərimov deyib.

AMEA prezidenti onu da qeyd edib ki, hazırda gənc alimlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı təkliflərin hazırlanması üçün işlər aparılır.

"Bu təkliflər hazırlanmalıdır. Əsas məsələ mənzil, onların əməkhaqqısı və s. ilə bağlıdır", - Kərimov deyib.

Qeyd edək ki, Azərbaycan vətəndaşları üçün dissertanturada, aspiranturada ödənişli təhsil olmayıb. 2009-cu ildə qəbul olunan "Təhsil haqqında" yeni qanuna görə, doktorantura, dissertantura təhsilin pillələri sayıldığına görə bu pillədə də təhsil ödənişli və ödənişsiz formada olacaq.

Xəbər lenti

Xəbər lenti