Azərbaycan, Bakı, 26 may /Trend, müxbir T.Hacıyev/
Azərbaycanın millət vəkilləri 28 may - Respublika Günü münasibətilə Tovuzda yerləşən hərbi hissədə olublar.
Millət vəkili Qənirə Paşayevanın dəvətilə bir qrup deputat Respublika Günü münasibəti ilə Tovuz rayonunun Ermənistanla sərhədində yerləşən hərbi hissədə əsgərlər və zabitlərlə görüşüblər. Trend-in məlumatına görə, millət vəkilləri Qənirə Paşayeva, Musa Qasımlı və Sahib Alıyev hərbçilər qarşısında çıxış edərək xidmətlərində nümunəvi olmağı, Azərbaycanın qəhrəman oğul və qızlarını özlərinə nümunə götürərək onlara bənzəməyi tövsiyə ediblər.
Paşayeva qeyd edib ki, bu bayram günlərində sərhəddə, səngərlərdə xidmət edən hərbçilərin yanında olmağı özlərinə borc bilirlər. Millət vəkilləri xidmətdə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Tədbir konsert proqramı ilə davam edib.
1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.
1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Xalq Cümhuriyyəti süquta uğradı.