Azərbaycan, Bakı, 27 may /Trend/
Bakı Dövlət Universitetində 7 prorektordan 4-nün əvəzinə yeni kadrlar təyin edilib. Trend-in məlumatına görə, bu barədə universitetin mətbuat xidmətindən bildirilib.
BDU-nun tədris işləri üzrə prorektoru, professor Vüsət Əfəndiyevin əvəzinə universitetin Elmi Hissəsinin müdiri, professor İradə Əliyeva, Elmi işlər üzrə prorektor, professor İsmayıl Əliyevin yerinə Fizika fakültəsinin kafedra müdiri, professor Aydın Kazımzadə, Humanitar məsələlər üzrə prorektor, professor Vaqif İbrahimovun əvəzinə Tarix fakültəsinin dekanı, professor Sani Hacıyev, Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Elxan Hüseynovun yerinə Tarix fakültəsinin dosenti Şəlalə Məmmədova təyin edilib.
Məlumatda bildirilir ki, yeni təyinatlar zamanı kadrların yaşı, xarici dil və müasir idarəçilik üçün tələb olunan digər bilgilər nəzərə alınıb.
Dəyişikliklərə əsasən, Beynəlxalq əlaqələr üzrə prorektorluğun adı beynəlxalq əlaqələr və əməkdaşlıq, Humanitar məsələlər üzrə prorektorluğun adı Sosial məsələlər, tələbələrlə iş və ictimaiyyətlə əlaqələr, Elmi işlər üzrə prorektorluğun adı Elm və innovasiyalar, Tədris işləri üzrə prorektorluğun adı isə Tədrisin təşkili və təlim texnologiyaları adlandırılıb, Qiyabi və əlavə təhsil üzrə prorektorluq həmin prorektorluğa birləşdirilib.
Vəzifədən çıxarılan əməkdaşlar ixtisaslarına uyğun başqa işlə təmin ediliblər.