Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Təhsil Nazirliyi ölkədəki məktəbəqədər təhsil müəssisələri və ali məktəblərin məlumat bazasını hazırlayır. Bu barədə Trend-ə Təhsil Nazirliyinin Təhsilin idarə olunmasının məlumat sistemləri şöbəsinin müdiri İsmayıl Sadıqov məlumat verib.
O bildirib ki, hazırda ali məktəblər üzrə məlumat bazasının hazırlanması üçün proqram təminatı üzərində işlər aparılır. Məktəbəqədər təhsil müəssisələrinin məlumat bazasını yaradılması üçün də artıq müəyyən məlumatlar toplanılıb.
Sadıqov deyib ki, ali və məktəbəqədər təhsil müəssisələrinin məlumat bazasında həmin təhsil müəssisələri ilə bağlı bütün məlumatlar toplanacaq.
Nazirlik rəsmisinin sözlərinə görə, artıq ölkədəki ümumtəhsil məktəblərinin məlumat bazası yaradılıb və istifadəyə verilib.