...

İordaniyalı yazıçı Azərbaycan haqqında kitab yazıb

Cəmiyyət Materials 16 İyun 2011 15:32 (UTC +04:00)
İordaniyanın nüfuzlu yazıçı-publisisti Sultan Hattabın Azərbaycan haqqında ərəb dilində yazdığı "Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" adlı kitabı nəşr olunub.
İordaniyalı yazıçı Azərbaycan haqqında kitab yazıb

Azərbaycan, Bakı, 16 iyun /Trend/

İordaniyanın nüfuzlu yazıçı-publisisti Sultan Hattabın Azərbaycan haqqında ərəb dilində yazdığı "Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" adlı kitabı nəşr olunub. Bu barədə Azərbaycanın İordaniyadakı şəfirliyindən Trend-ə daxil olan məlumatda bildirilir.

Nəfis tərtibatda nəşr olunan kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

386 səhifədən və 9 fəsildən ibarət bu kitabda Azərbaycanın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, siyasi kursu, iqtisadiyyatı və son illərdə əldə olunmuş nailiyyətləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında ətraflı məlumat verilib.

Kitabda eyni zamanda kiçik və böyük ölçüdə 150-dən artıq fotoşəkil və müxtəlif dövrlərə aid xəritələr öz əksini tapıb.

Kitabın ərsəyə gəlməsi üçün müəllif Sultan Hattab bir neçə dəfə Azərbaycanda olub, bölgələrə səfər edib, Şəhidlər xiyabanını və Qubadakı kütləvi məzarlığı ziyarət edib.

"Mən Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi ilə tanış olduqda, onun düşdüyü çətinliklərdən necə məğrurluqla çıxdığını, ölkə rəhbərliyinin daxildə, bölgədə və dünya miqyasında yeritdiyi siyasətini təhlil etdikdə xalqınıza münasibətdə hiss etdiyim ehtiram hissi daha da güclənib", - müəllif bildirib.

Sultan Hattab onu da bildirib ki, son illərdə inkişaf etməkdə olan Azərbaycan-İordaniya münasibətləri, ölkələrimizin oxşarlığı və yaxınlığı, ölkə başçılarımızın səmimi dostluq münasibətləri belə bir kitabın yazılması ideyasının yaranmasını labüd edib.

Sözügedən kitab Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması istiqamətində daha bir güclü təbliğat vasitəsinə çevrilib.

Müəllif onu da qeyd edib ki, istənilən ərəb ölkəsində bu kitabın asanlıqla əldə olunması üzərində çalışır.

"Azərbaycan: Xəzərin gəlini və neft ölkəsi" adlı kitab artıq İordaniya oxucusuna köşklərdə və kitabxanalarda təqdim olunub.

Hazırda kitabın digər ərəb dövlətlərindəki yayım evlərinə və distribüterlərə çatdırılması həyata keçirilir.

Yaxın zamanlarda kitabın həm İordaniyada, həm də Azərbaycanda rəsmi təqdimetmə mərasiminin keçirilməsi nəzərdə tutulur.

Xəbər lenti

Xəbər lenti