...

Azərbaycanda hakimliyə qəbul üçün elan olunmuş sənəd qəbulu iyunun sonunda başa çatacaq

Cəmiyyət Materials 16 İyun 2011 16:07 (UTC +04:00)
Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, Hakimlərin Seçki Komitəsinin iclasında namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunub.
Azərbaycanda hakimliyə qəbul üçün elan olunmuş sənəd qəbulu iyunun sonunda başa çatacaq

Azərbaycan, Bakı, 16 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanda hakimliyə qəbul üçün elan olunmuş sənəd qəbulu iyunun 30-da başa çatacaq.

Məhkəmə-Hüquq Şurasından Trend-ə verilən məlumata görə, Hakimlərin Seçki Komitəsinin iclasında namizədlərin sənədlərinin qəbulu vəziyyəti müzakirə olunub.

İclasda bildirilib ki, 6 ay davam edən sənəd qəbulu zamanı 340-dək hüquqşünasın namizədliyi irəli sürülüb.

Son vaxtlar sənəd verənlərin sayının minimuma enməsi ilə əlaqədar sənəd qəbulunun iyun ayının 30-da başa çatdırılması qərara alınıb.

Bununla əlaqədar hakim olmaq arzusunda olan hüquqşünaslar həmin tarixədək bütün iş günləri ərzində saat 09:00-dan 18:00-dək sənədlərini Hakimlərin Seçki Komitəsinə təqdim edə bilərlər.

Eyni zamanda, iclasda müsabiqədə iştirak üçün namizədliyini irəli sürmüş hüquqşünasların imtahanlara mükəmməl hazırlaşmaları məqsədilə iyul ayından müvafiq hazırlıq kurslarının təşkili, kurslarda hüququn müxtiəlif sahələri üzrə təcrübəli mütəxəssislərin çıxışlarının nəzərdə tutulduğu bildirilib.

Əvvəllər keçirilmiş müsabiqələr zamanı 235 nəfər yüksək hazırlıqlı hüquqşünas seçilərək hakim vəzifələrinə təyin olunublar. Əksəriyyəti 35 yaşadək olan bu hakimlər mövcud hakim korpusunun 50 faizini təşkil edir.

Gənc hüquqşünaslar arasında hakimlərin seçimi prosesinin obyektivliyinə inamın təzahürüdür ki, hazırkı namizədlər sırasında gənclərin sayı əvvəlki illərə nisbətən bir neçə dəfə artıqdır.

Gənc hüquqşünasların bu prosesə qatılmasının məhkəmə sisteminin inkişafında əhəmiyyəti nəzərə alınaraq, onlar müsabiqədə daha fəal iştiraka dəvət olunurlar.

Xəbər lenti

Xəbər lenti