Azərbaycan, Bakı, 22 iyun /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanda həkimlərin düzgün müalicə etmədikləri xəstələrə buna görə ödəyəcəyi kompensasiyanın məbləği ilə bağlı hələ müzakirələr aparılmalıdır. Bunu çərşənbə günü Trend-ə Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Aytən Mustafayeva deyib.
Onun sözlərinə görə, kompensasiyanın məbləği ilə bağlı Səhiyyə Nazirliyi, Dövlət Sosial Müdafiə Fondu və Maliyyə Nazirliyi öz fikirlərini açıqlamalıdırlar.
"Amma xəstənin hüquqları yalnız xəstəyə kompensasiyanın ödənilməsindən ibarət deyil. Mütləq həkimlə xəstənin münasibətlərini tənzimləyən hüquqi baza olmalıdır. Tibbi müəssisəyə daxil olan xəstə görməlidir ki, ona görə məsuliyyət daşıyırlar. Xəstə ilə həkim arasında hüquqi normalar müəyyənləşməlidir. Bu normalar həm həkimi, həm də xəstəni müdafiə edir. Məsələn, xəstə deyir ki, mən zond udmaq istəmirəm. Amma zond udmaqla onun diaqnozu aşkarlanırsa və xəstə bundan imtina edirsə, onda o, imtinasını rəsmi şəkildə təsdiqləmək üçün sənədə qol çəkməlidir. Bu halda xəstə ilə bağlı hansısa problem yaranarsa, onda həkimin də hüququ qorunur", - Mustafayeva deyib.
Millət vəkilinin sözlərinə görə, "Xəstənin hüquqları haqqında" qanun layihəsi beynəlxalq təcrübə nəzərə alınmaqla, beynəlxalq konvensiyalar əsasında yenidən işlənilir.
Mustafayeva bu qanun layihəsinin müasir tələblərə cavab verəcəyinə ümid etdiyini də söyləyib.
"Xəstələrin hüquqları haqqında" qanun layihəsi hazırda Milli Məclisdə müzakirə olunur. MM-in İnsan hüquqları və Sosial siyasət komitələrinin birgə hazırladığı bu layihə həkimlə xəstələr arasındakı münasibətləri tənzimləyəcək. Qanun layihəsinə görə, həkimlər xəstənin müalicəsini səhv apardıqları təqdirdə inzibati və məhkəmə məsuliyyətinə cəlb olunacaqlar.
Qanunda xəstələrin informasiya əldə etmək hüququ da nəzərdə tutulacaq, xəstələrin razılığı olmadan hansısa müalicə üsullarından istifadə qadağan ediləcək.