Azərbaycan, Bakı, 24 iyun /Trend, müxbir İ.İsabalayeva/
Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə İran tərəfindən ittihamlar irəli sürülməsi ilk dəfə deyil. Bu barədə Trend-ə Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekologiya və təbiəti mühafizə siyasəti şöbəsinin müdiri Rasim Səttarzadə İranın vitse-prezidenti və Ekologiya Departamentinin rəhbəri Məhəmməd Cavad Məhəmmədzadənin Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə fikrinə münasibət bildirərkən deyib.
"Bunun arxasında Azərbaycanın sosial-iqtisadi inkişafı və milli neft strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi, ildən-ilə ətraf mühit məsələlərinə diqqətin artmasına olan qısqanc münasibət durur", - Səttarzadə bildirib.
Onun sözlərinə görə, Xəzər regional dənizdir və dənizin ekoloji durumunun yaxşılaşdırılması, ətraf mühitinin mühafizəsi üçün beş Xəzəryanı ölkə birgə səy göstərməlidir.
"Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə, xüsusilə sənaye və məişət tullantılarının çaylar vasitəsilə dənizə axıdılmasıdır. Cənab Məhəmməd Cavad Məhəmmədzadəni narahat edən neft hasilatı nəticəsində ekoloji təhlükə ilə bağlı qeyd etmək lazımdır ki, neft burada əsrlər boyu çıxarılıb. Azərbaycan müstəqillik əldə edənə kimi və sonrakı illərdə neftçıxarma sahəsindəki vəziyyəti müqayisə etsək, görərik əhəmiyyətli fərq odur ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra burada neft qabaqcıl texnologiyalar və müasir idarəetmə sistemləri tətbiq edilməklə hasil olunur. Bu da ətraf mühitə təsiri minimuma endirməyə imkan verir. Bundan başqa, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən neft sektorunun fəaliyyətinə ciddi nəzarət edilir", - Səttarzadə deyib.
Şöbə müdiri qeyd edib ki, bu günlərdə Tehranda keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin ətraf mühit nazirlərinin görüşündə iştirak etmiş Azərbaycan ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev İranın vitse-prezidenti və Ekologiya Departamentinin rəhbəri Məhəmməd Cavad Məhəmmədzadə ilə görüşüb və onun Xəzərin çirkləndirilməsində Azərbaycanın payının daha çox olması barədə fikirlərinin doğru olmadığını bildirib.
Hacıyev deyib ki, Azərbaycanda ölkə rəhbərliyi ekoloji problemlərə, o cümlədən Xəzər dənizinin ətraf mühitinin qorunması məsələlərinə böyük diqqət göstərir.
"Son illər ərzində respublikada mərkəzləşmiş kanalizasiya sistemlərinin yenidən qurulması, mövcud çirkab su təmizləyici qurğuların modernləşdirilməsi və yenilərinin inşası üzrə irimiqyaslı layihələr həyata keçirilir. Eyni zamanda, Xəzər dənizinin hətta kiçik lokal mənbələrdən çirklənməsinin qarşısını almaq üçün modul tipli təmizləyici qurğular quraşdırılaraq "Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi sistemi" yaradılıb", - Səttarzadə bildirib.
Bakı Dövlət Universitetinin Xəzər Elmi Mərkəzinin və "Azərbaycanda Regional İnkişaf Mərkəzi" qeyri-hökumət təşkilatının rəhbəri Çingiz İsmayılov isə Trend-ə bildirib ki, İran tərəfi Azərbaycanın Xəzər dənizinin ən çox çirkləndirən ölkə olması barədə bəyanatlar verərkən konkret məlumatlara əsaslanmalıdır.
"Bütün bunlardan yalnız bir nəticəyə gəlmək olar ki, müəyyən dairələr Azərbaycanın uğurlu milli neft strategiyasının həyata keçirilməsi ilə bağlı olan hərtərəfli dinamik inkişafına qısqanclıqla yanaşırlar və bu sahədə heç də maraqlı deyillər. Xəzərin ətraf mühitinə genişmiqyaslı mənfi təsirinə səbəb olan fəaliyyətlərinə düzəlişlər etmək əvəzinə digərlərinin ünvanlarına əsassız bəyanatlar səsləndirirlər. Arzu edərdik ki, onlar səylərini Xəzərə mənfi təsirləri azaltmağa yönəltsinlər", - İsmaylov bildirib.
O qeyd edib ki, sovet dövründə daha müasir avadanlıqlardan istifadə edilmədiyi üçün həqiqətən də çirklənmə olurdu. Amma son illərdə neft hasilatında xarici şirkətlərin iştirakı və bu şirkətlərin ekoloji layihələr həyata keçirməsi nəticəsində Xəzər dənizinin Azərbaycan sektorunda vəziyyət köklü şəkildə dəyişib.
İsmayılovun bildirdiyinə görə, Xəzərin çirklənməsinin əsas səbəbi qurudan çirklənmə ilə bağlıdır və Rusiyanın sənaye potensialı və əhalisinin böyük hissəsi Volqa çayı hövzəsində cəmləndiyindən Xəzər dənizinin ümumi çirklənməsinin 70-80 faizi məhz bu çayın payına düşür.
"Xəzər dənizi hövzəsindəki 200 böyük şəhərin və 220 böyük müəssisənin az hissəsi Azərbaycan ərazisində yerləşir. Bütün bu məlumatlar isə onu göstərir ki, Azərbaycan heç cür əsas çirklənmə mənbəyi ola bilməz", - İsmayılov deyib.
Onun sözlərinə görə, Xəzərin qurudan çirklənməsinin real göstəricisi isə dənizin sahil zolağında məskunlaşan əhalinin sayı ilə bağlıdır.
"İranın Xəzərin sahil zolağında yaşayan əhalisinin sayının digər ölkələrdən çox olduğunu nəzərə alsaq, qurudan çirklənmədə İranın payının Azərbaycandan daha çox olduğunu söyləyə bilərik. Belə ki, Xəzərin İran sahillərində təmizləyici qurğu və kanalizasiya sistemləri olmadığından, bu ərazilərdə əsasən kənd təsərrüfatı ilə məşğul olunduğundan külli miqdarda kimyəvi gübrə, o cümlədən pestisidlərdən istifadə olunması Xəzər dənizinin çirklənməsində daha böyük rol oynayır", - İsmaylov bildirib.