...

Qərbi Azərbaycanla bağlı yeni sayt istifadəyə verilib

Cəmiyyət Materials 2 İyul 2011 13:41 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi yeni www.qerbiazerbaycan.com saytını hazırlayaraq istifadəyə verib.
Qərbi Azərbaycanla bağlı yeni sayt istifadəyə verilib

Azərbaycan, Bakı, 2 iyul /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzi yeni www.qerbiazerbaycan.com saytını hazırlayaraq istifadəyə verib.

Trend-in məlumatına görə, saytın şənbə günü keçirilən təqdimat mərasimində Avrasiya Təhlükəsizlik və Strateji Araşdırmalar Mərkəzinin nümayəndəsi Elmira Məmmədova bildirib ki, saytın hazırlanmasında məqsəd Qərbi Azərbaycanla bağlı həqiqətləri dünyaya düzgün çatdırmaqdır.

"Erməni lobbisinin təbliğat maşını güclü işləyir. Düşmənlə virtual mübarizədə belə saytların olması çox vacibdir. Qərbi Azərbaycanla bağlı belə saytlar çox azdır. Biz öz tarixi həqiqətlərimizi dünyaya çatdırmalıyıq", - Məmmədova deyib.

Mərkəzin rəhbəri Hatəm Cabbarlı isə bildirib ki, təqdim olunan resursun hazırlanması çoxdan arzu olunsa da, onun həyata keçirilməsi bu ilin may ayına təsadüf edib.

Onun sözlərinə görə, əslində, tarixi Azərbaycan torpaqlarında qurulan bugünkü Ermənistan respublikası cografi baxımdan, tam şəkildə bütöv Azərbaycanın qərbindəki torpaqların bir hissəsində yerləşir. Ancaq son illərdə elmi-kütləvi ədəbiyyatda "Qərbi Azərbaycan" ifadəsinin geniş yayılması nəzərə alınaraq, internet səhifəsinin də bu adla qurulmasına qərar verilib.

Saytda əzəli Azərbaycan torpaqları olan İrəvan xanlığının və Ermənistana birləşdirilən digər tarixi Azərbaycan ərazilərinin qədim tarixi, coğrafiyası, SSRİ dövründəki inzibati-ərazi vahidləri, toponimləri, Qərbi azərbaycanlıların tarixi-etnik torpaqlarından soyqırımla müşayiət olunan deportasiyaları, zəngin mədəniyyəti, ədəbiyyatı, musiqisi, mətbəxi, milli qəhrəmanları, tanınmış şəxsiyyətləri haqqında məlumatlar verilib. Bunlarla yanaşı, saytda Ermənistanın Azərbaycana qarşı əsassız iddiası kimi meydana çıxan Dağlıq Qarabağ problemi, 31 mart 1918-ci il və 26 fevral 1992-ci il soyqırımları ilə bağlı kitablar, məqalələr, xəbərlər, fotoşəkillər və xəritələr oxuculara təqdim edilib.

Sayt istifadəçilərinin də göndərəcəyi materiallar dəyərləndiriləcək və istifadə ediləcək.

"Veb səhifə Azərbaycan tarixinin tərkib hissəsi olan İrəvan xanlığının tarixi haqqında həqiqətlərin istifadəçilərə təqdim edilməsi, xüsusilə gənc nəslin nümayəndələrinin tariximizi unutmaması, eyni zamanda, vətənimizdən kənarda geniş oxucu kütləsi arasında haqq səsimizin eşidilməsi üçün dörd dildə - azərbaycan, rus, ingilis və erməni dilində hazırlanıb. Ermənistanın Azərbaycana qarşı informasiya müharibəsində mövqelərimizin möhkəmləndirilməsi, erməni iddialarının yalan və saxtakarlıqdan ibarət olmasını dunya ictimaiyyətinin nəzərinə çatdırılması baxımından göndərilən materialların xarici dillərdə olması olduqca əhəmiyyətlidir. Bu məsələ ilə bağlı xüsusilə Rusiya, Avropa və Amerikada təhsil alan və yaşayan həmvətənlərimizin dəstəyinə ciddi ehtiyac duyuruq. Onların göndərəcəkləri yazılı və görüntülü materiallar ümumi işimizin xeyrinə olacaq", - Cabbarlı bildirib.

Xəbər lenti

Xəbər lenti