...

Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15 faiz endirilib

Cəmiyyət Materials 5 İyul 2011 12:12 (UTC +04:00)
Bu yay mövsümündə Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15 faiz aşağı düşüb.
Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15 faiz endirilib

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu yay mövsümündə Azərbaycanda turizm xidmətlərinin qiymətləri 15 faiz aşağı düşüb. Bunu Trend-ə Mədəniyyət və Turizm Nazirliyinin turizm şöbəsinin müdiri Aydın İsmiyev deyib.

Onun sözlərinə görə, Azərbaycanda turizm xidmətlərinin vəziyyətini öyrənmək məqsədilə Mədəniyyət və Turizm Nazirliyi regionlarda monitorinqlərə başlayıb. İqtisadi İnkişaf Nazirliyinin nümayəndəsinin də iştirak etdiyi monitorinqlər hazırda cənub zonasında aparılır.

"Artıq Quba-Xaçmaz zonasında, Bakı-Qax, Bakı-Şəki, Bakı-Xaçmaz istiqamətlərində monitorinqlər keçirilib. Hazırda cənub zonasında monitorinqlər aparılır. Monitorinqlər nəticəsində müəyyən olunub ki, qiymətlər təxminən 15 faiz endirilib", - İsmiyev bildirib.

Nazirlik rəsmisinin sözlərinə görə, monitorinqlər nəticəsində artıq hotellərin səhər yeməyi də daxil olmaqla, turistlərə xidmətlər göstərdiyi məlum olub. Bəzi hotellər isə hətta turistlərə gün ərzində 3 dəfə yemək təklif edir.

"Amma 3-4 il əvvəl belə hallar yox idi. Bu onu göstərir ki, artıq ölkədə turizm sahəsi inkişaf edir. Bundan sonra da turizm sahəsində infrastruktur genişlənərək rəqabət artacaq. Bunun da əsasında qiymətlər yenə də enəcək, xidmətlər daha da yaxşılaşacaq. Amma buna vaxt lazımdır", - İsmiyev deyib.

Xəbər lenti

Xəbər lenti