...

Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 11 İyul 2011 13:51 (UTC +04:00)
Bu gün Bakıda Muzey Mərkəzində "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb.
Bakıda "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 11 iyul /Trend, müxbir İ.İsabalayeva/

Bu gün Bakıda Muzey Mərkəzində "Davamlı inkişaf mədəniyyəti: formalaşma problemləri və perspektivləri" adlı beynəlxalq elmi konfrans öz işinə başlayıb. Trend-in məlumatına görə, tədbirdə çıxış edən mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, konfransın keçirilməsində məqsəd mədəniyyət siyasətinin həyata keçirilməsində elmin iştirakını təmin etmək, habelə ölkəmizdə mədəniyyət təzahürlərinin təhlilinə həsr olunmuş tədqiqatları dəstəkləməkdir.

"Bu cür tədbirlərin təşkili mədəniyyətlərarası sivilizasiyaların inkişafına xidmət edir. Konfransda qloballaşan sosial problemlər, mədəni proseslərin necə və hansı istiqamətə yönəlməsi müzakirə olunacaq. Bugünkü tədbirdə 5 ölkənin nümayəndəsi iştirak edir. Təxmini coğrafiya onu göstərir ki, burada müzakirə olunacaq məsələlər ölkəmizin bütün regionuna xas olan problemlərdir. Sözsüz ki, nəzəriyyəsiz bu mədəni inkişafın təminatı mümkünsüzdür", - Qarayev deyib.

YUNESKO üzrə Azərbaycan Milli Komissiyasının birinci katibi Günay Əfəndiyeva "Davamlı inkişafın formalaşmasında YUNESKO proqramlarının rolu" mövzusunda çıxış edib. O bildirib ki, müasir dövrümüzün ən aktual məsələlərindən biri və son dövrlər həyatın ayrı-ayrı sferaları ilə bağlı leksikonumuzda ən çox istifadə edilən terminlərdən biri məhz "davamlı inkişaf termini"dir.

Əfəndiyevanın sözlərinə görə, davamlı inkişaf mənəvi, əxlaqi qayda olmaqla yanaşı, həm də elmi anlayışdır. Bu anlayış insan hüquqları və insan anlayışı ilə də sıx bağlıdır.

"Davamlı inkişafın mühüm əhəmiyyət kəsb etməsi, həyatın bütün sferalarını əhatə etməsi, həmçinin inkişafın davamlılığına nail olunmasında təhsil, elm və mədəniyyətin əhəmiyyətli rol oynaması sözügedən məsələnin YUNESKO-nun daim diqqət mərkəzində olmasına səbəb olub. YUNESKO-nun fəal üzvlərindən biri kimi Azərbaycan da davamlı inkişaf məsələsinə, davamlı inkişaf mədəniyyətinin formalaşdırılmasına, eyni zamanda, bu mədəniyyətin təsdiqinə böyük önəm verir", - Əfəndiyeva bildirib.

O əlavə edib ki, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın mədəniyyət sahəsində irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi proqram və layihələr nəticəsində Azərbaycanda davamlı inkişaf mədəniyyətinin, xüsusilə də elm, təhsil və mədəniyyət sahəsində belə bir mədəniyyətin formalaşmasına diqqət daha da artıb.

Konfransda Rusiya, Ukrayna, Belarus və Litvanın tanınmış elmi qurumları təmsil olunur.

Tədbir sabah yekunlaşacaq.

Xəbər lenti

Xəbər lenti