...

Rezidenturaya daxil olmaq istəyən oğlan məzunlara hərbi xidmətdən möhlət hüququ verilib

Cəmiyyət Materials 15 İyul 2011 16:20 (UTC +04:00)
2011/2012-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ verilib.
Rezidenturaya daxil olmaq istəyən oğlan məzunlara hərbi xidmətdən möhlət hüququ verilib

Azərbaycan, Bakı, 15 iyul /Trend, müxbir İ.İsabalayeva/

2011/2012-ci tədris ili üçün Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən ali məktəblərin builki oğlan məzunlarına hərbi xidmətdən bir çağırış möhlət hüququ verilib.

Azərbaycan Tibb Universitetinin tədris hissə müdiri Nəsimi Qasımov cümə günü Trend-ə bildirib ki, Müdafiə Nazirliyi oğlan məzunların hərbi xidmətə çağırışını qeyri-rəsmi, yəni bu işi sənədləşdirmədən gecikdirib. Bunun da nəticəsində oğlan məzunlara rezidenturaya keçiriləcək qəbul imtahanlarında iştirak üçün şərait yaradılıb.

"İmtahandan sonra bu məsələ qaydalara müvafiq həll ediləcək. Rezidenturaya daxil olmayanlar hərbi xidmətə gedəcəklər. Rezidenturaya daxil olanların hərbi xidmət məsələsi isə qanuna müvafiq formada həll ediləcək", - Qasımov deyib.

Universitet rəsmisinin sözlərinə görə, rezidenturaya qəbul imtahanının sentyabrın üçüncü ongünlüyündə keçirilməsi gözlənilir.

"Bu il 1000-dən çox məzunumuz var. Məzunlarımızın bir qismi Türkiyədə, bir qismi isə Avropada rezidentura təhsili almaq istəyir. Məzunların bəzi ixtisaslar - stomatologiya, tibbi profilaktika üzrə rezidentura təhsili almadan mütəxəssis kimi çalışmaq haqqı var. Yəqin buna görə də bu ixtisaslar üzrə rezidentura üçün plan yeri az ayrılıb. Amma hesab edirəm ki, müalicə işi və pediatriya fakültələrini bitirən məzunların əksəriyyəti rezidenturaya qəbul imtahanlarında iştirak edəcəklər. Beləliklə, məzunların 600-700-ü rezidenturaya sənəd verə bilər. Amma oğlan məzunlarımızın bir qrupu elə indidən könüllü şəkildə hərbi xidmətə gedirlər. Onlar hərbi xidmətlərini başa vurduqdan sonra rezidenturaya sənəd vermək istəyirlər", - ATU-nun tədris hissə müdiri bildirib.

Qasımov rezidentura təhsili almayan məzunlara diplomların verilməməsi barədə yayılan məlumatları yanlış adlandırıb.

"Məzunlara diplomların verilməsinə başlanılıb. Bu proses hazırda da davam edir. Rezidentura ilə əlaqədar diplomların verilməsi üçün heç bir məhdudiyyət qoyulmayıb", - Qasımov əlavə edib.

Bu il Azərbaycanda rezidenturaya qəbul ilk dəfə keçiriləcək.

Azərbaycan Nazirlər Kabineti "Rezidentura təhsilinin məzmunu və təşkili Qaydaları"nı 2010-cu ilin aprelində təsdiq edib. Rezidenturaya qəbul olunmaq hüququna baza ali tibb təhsili olan şəxslər malikdirlər.

Müsabiqə həkimin qəbul imtahanından topladığı bal əsasında aparılacaq.

Təhsilalma formasından asılı olmayaraq, hər hansı bir ixtisasa yerləşdirilmiş həkim tələb olunan sənədləri müəyyən olunmuş müddətdə Səhiyyə Nazirliyinə təqdim etməklə qeydiyyatdan keçməlidir.
Həkimin həmin müddətdə qeydiyyatdan keçməməsi onun yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndiriləcək.

Xəbər lenti

Xəbər lenti