...

Azərbaycan Diplomatik Akademiyası Afrika və Asiya diplomatları üçün kurslar keçirir (FOTO)

Cəmiyyət Materials 21 İyul 2011 18:42 (UTC +04:00)
Azərbaycan Diplomatik Akademiyası (ADA) Afrika və Asiya diplomatları üçün kurslar keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ADA-dan bildirilib.
Azərbaycan Diplomatik Akademiyası Afrika və Asiya diplomatları üçün kurslar keçirir (FOTO)

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir M.Əliyev/

Azərbaycan Diplomatik Akademiyası (ADA) Afrika və Asiya diplomatları üçün kurslar keçirir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı ADA-dan bildirilib.

İlk dəfə olaraq Afrika və Asiyadan gəlmiş diplomatlar ADA-da "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" proqramı üzrə 10 günlük kursda iştirak edirlər.

Dərslərin ilk günündə diplomatlar qarşısında çıxış edən xarici işlər nazirinin müavini, Akademiyanın rektoru Hafiz Paşayev ölkənin son iyirmi ildə keçdiyi tarixi yoldan, Dağlıq Qarabağ və ətraf rayonların Ermənistan hərbi qüvvələri tərəfindən işğal olunması və son dövrlərin iqtisadi nailiyyətlərindən danışıb.

Paşayev ölkəmizdə olduqları müddət ərzində qonaqların dərslərdə iştirakla yanaşı, Bakı və ətraf regionlara səfər edəcəkləri, Azərbaycanın mədəniyyəti və tarixi ilə tanış ola biləcəklərini qeyd edib.

Təlimə Haiti, Mali, Samoa, Banqladeş, Kamboca, Nepal, Myanma, Malayziya kimi ölkələrdən əsasən birinci və ikinci katib vəzifəsini daşıyan 14 diplomat qatılıb.

Azərbaycanda olduqları zaman xarici diplomatlar Xəzər dənizi regionunun tarixi və mədəni irsi, onun statusu və geosiyasəti, neft sənayesi, iqtisadiyyatı və investisiya imkanları, regionun gələcəyinə təhlükə yarada biləcək potensial təhdidlər, regional münaqişələrə dair məruzələri dinləcəyəklər. Diplomatlar üçün Azərbaycan Diplomatik Akademiyası, Xarici İşlər Nazirliyi, Dövlət Neft Şirkəti və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun nümayəndələri dərslər deyəcək. Eyni zamanda, diplomatlar üçün Azərbaycanın müstəqilliyinin bərpasının 20-ci il dönümü ilə bağlı xüsusi təqdimat da keçiriləcək.

Azərbaycanın mədəniyyəti və tarixi haqqında ətraflı məlumat almaq üçün xarici diplomatlar Quba, Qobustan, Bibiheybət məscidi, Səngəçal terminalı və digər mədəniyyət ocaqlarını və muzеyləri ziyarət edəcəklər.

İyun ayının 15-25-də ADA Latın Amerikası və Karib adaları ölkələrinin diplomatları üçün də "Xəzər Hövzəsi Ölkələrinin Öyrənilməsi" kursu keçirib.

Xəbər lenti

Xəbər lenti