Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/
Mətbuat Şurası (MŞ) mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq keçirəcək. Şuradan çərşənbə axşamı Trend-ə verilən məlumata görə, tədbir MŞ-nin və Avropa Şurasının ölkəmizdəki nümayəndəliyinin birgə layihəsi çərçivəsində baş tutacaq.
İyulun 30-31-də Goranboy rayonunda baş tutacaq tədbirə sözügedən rayonla yanaşı, ətraf bölgələrin - Yevlax, Bərdə, Ağdam, Ağcabədi və Tərtər rayonlarının yerli hakimiyyət orqanlarının mətbuat xidmətlərinin təmsilçiləri qatılacaqlar. Treninq-məşğələdə həmçinin nazirlik və dövlət komitələrinin mətbuat xidməti və ictimaiyyətlə əlaqə bölmələri rəhbərlərinin iştirakı da nəzərdə tutulur.
MŞ-nin Avropa Şurasının ölkəmizdəki nümayəndəliyi ilə birgə layihəsində məqsəd mətbuat xidməti institutunun ümumilikdə ictimaiyyətlə əlaqələr sektorunda oynadığı rolun kompleks təhlilini aparmaqdan, informasiya-kommunikasiya texnologiyalarının ən yeni metodlarının tətbiqində bu qurumların rolu və mövqeyinin artırılması xüsusiyyətlərini müəyyənləşdirməkdən, mövcud istiqamətdəki problemlərin aradan qaldırılmasına effektiv təsir göstərməkdən ibarətdir.
Mətbuat Şurası mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq keçirəcək
Mətbuat Şurası (MŞ) mətbuat xidmətlərinin təmsilçiləri üçün treninq keçirəcək.
