...

Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl və 4 bürünc medal qazanıblar

Cəmiyyət Materials 1 Avqust 2011 19:15 (UTC +04:00)
İyulun 26-31-də Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin dünya çempionatı keçirilib.
Azərbaycan güləşçiləri dünya çempionatında 2 qızıl və 4 bürünc medal qazanıblar

Azərbaycan, Bakı, 1 avqust /Trend/

İyulun 26-31-də Rumıniyanın paytaxtı Buxarestdə gənc güləşçilərin dünya çempionatı keçirilib.

Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, güləşçilərimiz ümumilikdə 2 qızıl və 4 bürünc medal qazanıblar. Yunan-Roma və sərbəst güləş yığmamız çempionatı hərəyə 1 qızıl və 2 bürünclə tamamlayıb.

Çempionatın ilk 2 günündə mübarizə aparan yunan-Roma güləşçilərimizin heyəti belə olub:

Vilayət Qəhrəmanlı (50 kq), Eldəniz Əzizli (55 kq), Orxan Paşayev (60 kq), Rəsul Çunayev (66 kq), Toğrul Yunisli (74 kq), Fuad Əliyev (84 kq), Hacımurad Çöpsiyev (96 kq), Aslan Dzebişov (120 kq).

50 kq çəkidəki təmsilçimiz Vilayət Qəhrəmanlı yarışa 1/8 finalda erməni güləşçi Rudik Mkrtçyanla qarşılaşma ilə başlayıb və onu məğlub etməyi bacarıb. Növbəti mərhələdə digər qonşumuz - gürcü güləşçi Nika Tsedsxaladze də idmançımıza mane ola bilməyib. Ardından rusiyalı Pavel Vasilenko da Qəhrəmanlı ilə bacarmayıb. Finalda həmyerlimizi qazaxıstanlı Janserik Sarsenbiyev gözləyirdi. Amma Qəhrəmanlı bu rəqibini də məğlub edərək DÇ-nin qızıl medalına yiyələnməyi bacarıb.

55 kq-da mübarizə aparan Eldəniz Əzizli startda qırğızıstanlı Eldiar Beqaliyevi mübarizədən kənarlaşdırmağı bacarıb. Növbəti mərhələdə o, iranlı Samad Muran Abduli ilə dueldən qalib ayrılmalıydı. Lakin təəssüf ki, qonşu ölkə güləşçisi daha güclü çıxıb. Buna baxmayaraq, Əzizli bürünc medal şansını saxlayıb. O, bu yolda Mişa Avetisyan (Ukrayna), Çanq-Yonq Li (Koreya), Nurilbek Muxanbetalin (Qazaxıstan) üzərində qələbə qazanıb. Nəticədə idmançımız bürünc medala sahib çıxıb.

66 kq çəkidə yarışan Rəsul Çunayev özbəkistanlı Sərdar Karyağdıyevlə mübarizəyə start verib. Bu rəqibini mübarizədən kənarlaşdıran təmsilçimiz ukraynalı Dmitri Pinkova da eyni aqibəti yaşadıb. Lakin 1/4 finalda rusiyalı Çingiz Labazanovla duel həmyerlimiz üçün uğursuz bitib. Amma Çunayevin bürünc medal qazanmaq şansı qalı b . Bunun üçün o, öncə koreyalı Yon Tak Yu üzərində qələbə qazanmalıydı ki, bunu da bacarıb. Son cəhddə isə Belarus güləşçisi Yaraslav Kardaşa da eyni aqibəti yaşatmaqla bürünc medalı özü üçün təmin edib.

Aslan Dzebişov (120 kq) isə startda qazaxıstanlı Dəmir Kuzembayevə qalib gəlməyi bacarıb. O, növbəti mərhələdəki rəqib rusiyalı Vasili Parşin üzərində də qələbə qazanıb. Lakin yarımfinalda Şora Qoqişvanidze idmançımız üçün keçilməz olub. Buna baxmayaraq, onun bürünc medal qazanmaq şansı vardı. Dzebişov ukraynalı İqor Didiki məğlub edəcəyi halda, medal qazana bilərdi. Gəl ki, idmançımız bu şansından da yararlana bilməyib.

Beləliklə, komanda hesabında Gürcüstan 49 xalla 1-ci, Azərbaycan 38 xalla 2-ci, Rusiya isə 36 xalla 3-cü olub.

Çempionatın son günlərində sərbəst güləşçilər mübarizəyə qoşulublar.

Məlum olduğu kimi, sərbəst güləş üzrə yığmamız dünya birinciliyinə 8 idmançı ilə yollanıb. Onlar aşağıdakılardır : Mircəlal Həsənzadə (50 kq), Qalib Əliyev (55 kq), Toğrul Əsgərov (60 kq), Maqomed Muslimov (66 kq), İbrahim Yusubov (74 kq), İlya Xamikoyev (84 kq), Aslanbek Alborov (96 kq), Əli Maqomedabirov (120 kq).

60 kq-da mübarizə aparan Toğrul Əsgərov isə ilk döyüşündə Ermənistan güləşçisi Valodya Franqulyanı məğlub edib. Bu uğur onun finala çıxmasına gətirib çıxarıb. Belə ki, ardıcıl olaraq Maruf Nurilloev (Özbəksitan), Murşid Mutallimov (Rusiya), Ömər Uzan (Türkiyə) üzərindəki qələbələr Əsgərovu finala yüksəldib. Həlledici görüşdə Toğrul ABŞ güləşçisi Loqan Styeberə də eyni aqibəti yaşatmağı bacarıb və dünya çempionu olub.

74 kq-da qüvvəsini sınayan İbrahim Yusubov startda ABŞ təmsilçisi Alan Teylor Massanı mübarizədən kənarlaşdırmağı bacarıb. Ardından moldovalı İon Sayin, gürcüstanlı Beka Petriaşvili də idmançımız qarşısında aciz qalıb. Amma təəssüf ki, yarımfinalda türkiyəli Abdulkadir Özmen Yusubovun qarşısını kəsib. Lakin İbrahimin bürüünc medal qazanmaq şansı olub. Bunun üçün o, İran təmsilçisi Amir Xeyrulla üzərində qələbə qazanmalıydı. Rəqibini məğlub etməyi bacaran Yusubov özü üçün bürünc medalı təmin edə bilib.

Nəhayət, 96 kq çəki dərəcəsində Aslanbek Alborov startda albaniyalı Emilian Sinameta ilə qarşılaşıb və qələbə qazanıb. Almaniyalı Mixail Ferdinand da onun qarşısında aciz qalıb. Amma yarımfinalda gürcüstanlı Mamuka Kordzava Alborovu məğlub edə bilib. Bürünc medal uğrunda yarışan idmançımız bunun üçün yaponiyalı Takahiro Baba üzərində qələbə qazanmalıydı ki, həmin vəzifənin də öhdəsindən layiqincə gəlib və növbəti bürünc medalımızı rəsmiləşdirib.

Xəbər lenti

Xəbər lenti