...

"Kaspi" qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan kitabların təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 2 Avqust 2011 15:18 (UTC +04:00)
"Kaspi" qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan kitabların təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)
"Kaspi" qəzetinin 130 illiyi çərçivəsində yeni nəşr olunan kitabların təqdimatı keçirilib (ƏLAVƏ OLUNUB) (FOTO)

Altıncı abzasdan sonra təfərrüatlar əlavə olunub (İlk xəbər 14:19-da əlavə edilib)

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir T.Hacıyev/

"Kaspi" qəzetinin 130 illiyi çərçivəsində çərşənbə axşamı qəzetin nəşr etdirdiyi "Mübariz yolu" və "Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı kitabların təqdimatı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə qəzetin təsisçisi Sona Vəliyeva, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli və digər media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin yaranması, Azərbaycan mətbuatı tarixində oynadığı rol və uğurları barədə söz açıb. Vəliyeva bildirib ki, qəzet Azərbaycanın müstəqillik əldə etməsindən sonra yeni mərhələyə qədəm qoyub. Onun sözlərinə görə, oktyabr ayında "Kaspi"nin 130 illiyi təntənəli şəkildə qeyd olunacaq.

Mətbuat Şurasının sədri Əflatun Amaşov qeyd edib ki, "Kaspi" hər zaman baş verən hadisələrin oxuculara çatdırılmasında orta xətt tutan qəzet olub.

"Son illər qəzetin fəaliyyətində əvvəlki illərlə müqayisədə müsbət dəyişikliklər hiss olunur", - Amaşov əlavə edib.

Səfərli "Kaspi" qəzetinin KİVDF ilə birgə həyata keçirdiyi layihələrdən söz açıb. Onun sözlərinə görə, qəzet Azərbaycanın milli qəhrəmanı Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi üçün şeir və hekayə müsabiqəsi keçirib. Müsabiqəyə vətənpərvərlik mövzusunda şeir, nəsr və publisistik əsərlər daxil olub. Müsabiqədə təqdim olunmuş ən yaxşı yazılar kitab şəklində nəşr olunub. Səfərli belə bir kitabın çap edilməsinin təqdirəlayiq hal olduğunu söyləyib.

Mərasimdə "Kaspi" qəzetinin baş redaktoru Natiq Məmmədli qəzetin yeni nəşrlərinin təqdimat mərasimində 2011-ci ilin jurnalistlərin də həyatında zəngin il olduğunu diqqətə çatdırıb.

"Bu il dövlət müstəqilliyimizin bərpa edilməsinin 20 illiyi tamam olur. Bu 20 ildə hər kəs özünə hesabat verir. Müstəqillik dövrümüz haqqında müxtəlif fikirlər səslənir",-deyə, baş redaktor vurğulayıb.

Məmmədli eyni zamanda, mətbuat işçiləri üçün də bir sıra hadisələrlə diqqəti cəlb etdiyini bildirib.

"Eyni zamanda, bu il "Kaspi" qəzetinin 130 illik yubileyidir. Təvazökarlıqdan uzaq da olsa, Azərbaycan mətbuat tarixində bu ənənəni yaşadan çox az qəzetlər var və bəlkə də yox dərəcəsindədir. 1881-ci ildən "Kaspi" qəzeti nəşr olunur və çarizmin senzurasına baxmayaraq, fasiləsiz 38 il nəşr olunub. Təxminən 30 ilə yaxın gündəlik nəşr olunub. Rusiya müsəlmanları və Şərq dünyasının əsas aparıcı informasiya vasitələrindən biri olub. 1891-ci ildə "Kəşkül" qəzeti bağlanandan sonra təxminən 10 il ərzində "Kaspi" qəzeti yeganə informasiya qaynağı kimi çıxış edib",-deyə o, əlavə edib.

Məmmədli bildirib ki, qəzetin 130 illik yubileyi çərçivəsində bir sıra tədbirlərin keçirilməsi nəzərdə tutulub.

"Kaspi" qəzetinin yaranması və fəaliyyəti" adlı nəşrin müəllifi, tədqiqatçı Nəsiman Yaqublu kitabın ərsəyə gəlməsində ona dəstək göstərənlərə minnətdarlıq edərək bildirib ki, qəzet o dövrdə Azərbaycan dilində nəşr olunan ilk qəzetdir. Tədqiqatçı mərasim iştirakçılarına "Kaspi" ilə bağlı arxivlərdə əldə etdiyi maraqlı tarixi sənədləri nümayiş etdirib. "Tədqiqatlar göstərir ki, qəzet o dövrdə Azərbaycan mətbuatında təşkilatlanmanın əsasını qoyub",-deyə Yaqublu vurğulayıb.

Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli, "Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı və digər şəxslər də öz çıxışlarında "Kaspi" qəzetinin keçdiyi tarixi yol haqqında danışıblar, qəzetin 130 illik fəaliyyətini müsbət qiymətləndiriblər.

Xəbər lenti

Xəbər lenti