...

FHN yanacaqdoldurma məntəqələrində bədbəxt hadisələrin qarşısını almqq üçün görülməli olan tədbirləri açıqlayıb

Cəmiyyət Materials 12 Avqust 2011 14:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi yanacaqdoldurma məntəqələrində yanğın və partlayışların qarşısinı almaq üçün zəruri tədbirləri açıqlayıb.
FHN yanacaqdoldurma məntəqələrində bədbəxt hadisələrin qarşısını almqq üçün görülməli olan tədbirləri açıqlayıb

Azərbaycan, Bakı, 12 avqust /Trend/

Fövqəladə Hallar Nazirliyi (FHN) yanacaqdoldurma məntəqələrində yanğın və partlayışların qarşısinı almaq üçün zəruri tədbirləri açıqlayıb. Trend-in məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin rəsmi mətbu orqanı olan "Fövqəladə hallar" avqustun 12-də çıxan nömrəsində Yanacaqdoldurma məntəqələrində təhlükəsizliyin təmin olunması üçün görülməli olan tədbirlər haqqında məlumat yer alıb.

Avtomobilləri istər qaz, istərsə də maye yanacaqlarla təmin edən yanacaqdoldurma məntəqələri insanların daha çox istifadə etdiyi ən təhlükəli obyektlər siyahısına daxildir. Yanacaqdoldurma məntəqələrində ən kiçik ehtiyatsızlıq belə insan itkisi ilə nəticələnir.

Normativ tələblərə əməl olunmaması, yanğın təhlükəsizliyi qaydalarının pozulması, tikinti - quraşdırma zamanı layihədən kənara çıxılması və ya layihə pozuntuları, qüvvədə olan tikinti norma və qaydalarının tələblərinə əməl edilməməsi yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsi yaradan başlıca səbəblərdəndir.

Yanacaqdoldurma məntəqələrinin istismarı zamanı təhlükəsizlik qaydalarının pozulması, mövcud istismar qaydalarının tələblərinə əməl olunmaması, işin düzgün təşkil edilməməsi, əməkdaşlara əməyin mühafizəsi və yanğın təhlükəsizliyi qaydalarının öyrədilməməsi, qabaqlayıcı tədbirlərin həyata keçirilməməsi, ehtiyatsızlıq və s. yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsi yarada bilər.

Bütün bu amillər mövcud qaydalara əsasən diqqət mərkəzində saxlanılarsa, təbiət hadisələrinin təsiri istisna olmaqla, yanacaqdoldurma məntəqələrində fövqəladə hadisələrin, o cümlədən partlayış və ya yanğın hadisələrinin baş vermə ehtimalı sıfıra yaxın olar.

Yanacaqdoldurma məntəqələrini və avtomobillərə yol xidməti stansiyalarını tikib istifadəyə vermək istəyənlər onun yerini seçərkən mütləq müvafiq araşdırmalar aparmalıdırlar. Yanacaqdoldurma məntəqələrini yolkənarı sahələrdə, zonalarda mailliyi 40%-dən çox olmayan yol sahələrində salmaq, planda radiusu 1000 metrdən çox, uzununa profildə radiusu 10000 metrdən yuxarı olan qabarıq əyrilərdə, dəmir yol keçidlərindən 250 metrdən, körpü keçidlərindən 1000 metrdən yaxın olmayan yerlərdə, hündürlüyü 2 metrdən yuxarı olmayan tökmə torpaq sahələrində yerləşdirmək təhlükəsizlik baxımından məqsədəmüvafiqdir. Həmçinin bu cür obyektlərin layihələndirilməsi zamanı 1200 minik avtomobili üçün 1 yanacaqpaylama kolonkası nəzərə alınmaqla həyata keçirilməli və onların torpaq sahələrinin ölçüləri (hektarla) aşağıdakı kimi qəbul edilməlidir:

- 2 kolonka üçün-0,1 ha; 7 kolonka üçün-0,3 ha; 11 kolonka üçün-0,4 ha; - 5 kolonka üçün-0,2 ha; 9 kolonka üçün-0,35 ha.

Yeraltı maye yanacaqsaxlama çənləri olan yanacaqdoldurma məntəqələrinin məktəbəqədər uşaq müəssisələrindən, stasionar müalicə müəssisələrindən, yaşayış, ictimai bina və qurğuların divarlarından ən azı 50 metr məsafədə tikilib-quraşdırılması tövsiyə olunur. Bu məsafə yanacaqpaylama kolonkalarından və yeraltı maye yanacaqsaxlama çənlərindən hesablanmalıdır. Yalnız sutka ərzində yanacaq təchizatı 500 minik avtomobilindən çox olmayan yanacaqdoldurma məntəqələrinin yuxarıda qeyd etdiyimiz obyektlərə qədər məsafələri 25 metrə qədər azaldıla bilər.

Təhlükəsizliyi təmin etmək məqsədilə yüksək gərginlikli, yəni 1000v və daha yuxarı gərginliyə malik elektrik hava xətlərindən yanacaqdoldurma məntəqələrinə qədər olan məsafə 10 metrdən az olmamalıdır. Gərginlik və ya digər parametrlərdən asılı olmayaraq yüksək gərginlikli elektrik hava xətlərinin yanacaqdoldurma məntəqələrinin üzərindən keçməsi qadağandır.

Təhlükəsizliyin təmin olunması məqsədilə yanacaqdoldurma məntəqələri həmçinin yeraltı və yerüstü magistral qaz kəmərlərindən müəyyən məsafədə aralı olmalıdır. Belə ki, yanacaqdoldurma məntəqələri diametri 300 mm və ondan az olan qaz kəmərlərindən 100 metr, diametri 300 mm-dən 600 mm-ə qədər olan qaz kəmərlərindən 150 metr, diametri 600 mm-dən 800 mm-ə qədər olan qaz kəmərlərindən 200 metr, diametri 800 mm-dən 1000 mm-ə qədər olan qaz kəmərlərindən 250 metr, diametri 1000 mm-dən 1200 mm-ə qədər olan qaz kəmərlərindən 300 metr, diametri 1200 mm-dən 1400 mm-ə qədər olan qaz kəmərlərindən isə 350 metr aralıda tikilib-quraşdırılmalıdır.

Yanacaqdoldurma məntəqələrini qoruqların, təbii parkların, nəbatat bağlarının, dendroloji parkların və su qoruyucu zonaların ərazilərində, meşə torpaqları daxil olmaqla şəhərlərin yaşıllıq zonaları ərazisində, hidrometereoloji stansiyaların mühafizə zolaqlarında, su təchizatı mənbələri və su kəməri qurğuları sahələrinin 1-ci sanitar mühafizə zolaqlarında, kurortların 1-ci sanitar mühafizə zolaqlarında, tarixi və mədəni abidələrin mühafizə zolaqlarında, sürüşmə, qruntların çökmə, sel axını və qar uçqunu zonalarında tikmək qadağandır.

Təcrübə və statistika göstərir ki, yanacaqdoldurma məntəqələrində baş verən hadisələr daha çox istismar qaydalarının pozulması nəticəsində baş verir. Ona görə də yanacaqdoldurma məntəqələrində işə qəbul olunmuş hər bir əməkdaşın ümumi texniki, o cümlədən yanğın təhlükəsizliyi qaydalarını mükəmməl bilməsi çox vacibdir. İşə qəbul olunmazdan əvvəl əməkdaşın yanğın təhlükəsizliyi qaydalarının yanacaqdoldurma məntəqələrinə aid olan tələblərini bilməməsi yanğın və partlayışlara, digər qəzalara səbəb ola bilər. Bu məsələni səmərəli təşkil etməkdən ötrü yeni əməkdaşlar üçün işə başlamazdan əvvəl xüsusi kurslar təşkil etmək vacibdir.

Yanacaqdoldurma məntəqələrində sutkalıq mühafizə təşkil edilməlidir. Təhlükəsizlik üzrə ştat vahidləri olmadıqda gündəlik növbətçi təyin olunmalı, təhlükəsizliklə bağlı işlərin icrası ona tapşırılmalıdır.

Yanacaqdoldurma məntəqələrində avtomobillərin təmiri üçün zərurət yaranarsa, bu iş paylayıcı kolonkalardan 25 metrdən az olmayan məsafədə həyata keçirilməlidir.

Yanacaqdoldurma məntəqələrində ilkin yanğınsöndürən alət və vasitələr daim normaya uyğun saxlanılmalıdır. Həmin vəsaitlərdən başqa məqsədlər üçün istifadə etmək olmaz.

Yanacaqdoldurma məntəqələrində yanğın və partlayış təhlükəsinə yol verməmək üçün digər qaydalara da əməl olunmalıdır. Belə ki, yanacaqdoldurma məntəqələrinin ərazisi, xüsusən paylayıcı kolonkaların ətrafı daim təmiz saxlanılmalı, avtomobillərə yanacağın doldurulması zamanı neft məhsulları yerə tökülərsə, dərhal təmizlənməlidir. Sərnişin daşıyan avtomobilləri sərnişinlərlə birlikdə yanacaqdoldurma məntəqələrinin ərazisinə buraxmaq, xüsusən də yanacaq doldurmaq üçün qəbul etmək qadağandır. Yanacaq doldurarkən avtomobillərin mühərriki söndürülməlidir. Yanacaqdoldurma məntəqələrində xidmətçilərin geyimlərinin yanacağa bulaşmasına, yanacaqla kirlənməsinə yol vermək yanğın təhlükəsi yarada bilər. Partlayış, yanğın təhlükəli yüklər daşıyan avtomobillərin yüklə birlikdə yanacaqdoldurma məntəqələrinə daxil olması yolverilməzdir. Qığılcımsöndürən qurğuları olmayan traktorların yanacaqdoldurma məntəqələrində yanacaqla təmin olunması qadağandır.

Aidiyyəti olmayan təmir işlərinin yanacaqdoldurma məntəqələrində aparılması qadağandır.

Yanacaqdoldurma məntəqələrinə daxil olan və buradan çıxan avtomobillərin yolları bir-biri ilə kəsişməməli, hərəkətin sürəti 20 km/saatı keçməməlidir. Təhlükəsizlik məqsədilə yanacaqdoldurma məntəqələrinin müvafiq yerlərində yol-nəqliyyat nişanları qoyulmalıdır.

Yanacaqdoldurma məntəqələrində yeraltı və yerüstü yanacaqsaxlama çənlərində sızmanı nəzarətdə saxlayan avtomatik sistemin nəzarət lövhəsi fasiləsiz olaraq müşahidə altında saxlanılmalıdır.

Yanacaqdoldurma məntəqələrinin ərazisində siqaret çəkilməsi qəti qadağan edilməli və bu ciddi nəzarətdə saxlanılmalıdır.

Yanacaqdoldurma məntəqələrində mobil telefonlardan istifadə olunması da yanğın təhlükəsizliyi qaydalarına ziddir. Yadda saxlamaq lazımdır ki, cib telefonlarının açılması və ya zəng çalması nəticəsində yaydıqları dalğa yanmaya səbəb olacaq kiçik qığılcımın meydana gəlməsi üçün kifayət edəcək qədər enerji yaradır. Bu səbəbdən də yanacaqdoldurma məntəqələrində olarkən və ya maşınlara, motorlu qayıqlara yanacaq doldurarkən mobil telefonlardan qəti surətdə istifadə edilməməlidir.

Yanacaqdoldurma məntəqələrində normativlə seçilmiş ildırımötürücü quraşdırılması təhlükəsizliyin təmin olunması üçün zəruridir.

Yanacaqdoldurma məntəqələrinin ərazisində yanğınların söndürülməsi üçün daimi su ehtiyatı və müəyyən edilmiş zəruri yanğınsöndürmə avadanlıqları saxlanılmalıdır.

Xəbər lenti

Xəbər lenti