...

Naxçıvan MR-ə il ərzində daha çox İrandan keyfiyyətsiz məhsul gətirilib

Cəmiyyət Materials 13 Avqust 2011 11:14 (UTC +04:00)
Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2011-ci ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Naxçıvan MR-ə il ərzində daha çox İrandan keyfiyyətsiz  məhsul gətirilib

Azərbaycan, Bakı, 13 avqust /Trend/

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsində 2011-ci ilin ilk altı ayında görülmüş işlər və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə Dövlət Gömrük Komitəsinin məlumatında bildirilir.

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin hüquq-mühafizə fəaliyyəti nəticəsində 6 ay ərzində 196 inzibati xəta faktı aşkar edilib və inzibati xəta törədən vətəndaşlardan 11 822 manat cərimə alınıb. İnzibati məsuliyyətə cəlb olunanlardan 191-i fiziki şəxs, 5-i isə hüquqi şəxs olub.

Altı ay ərzində muxtar respublikanın gömrük sərhədlərindən keçirilən 139 935 kq kənd təsərrüfatı, ərzaq və digər qida məhsullarının idxalına icazə verilməyib. Bu məhsulların sırasında 11 230 kq Türkiyə istehsalı olan meyvə-tərəvəz məhsulları (qovun, qarpız, şaftalı, ərik, kartof) tərkibində nitratların miqdarı normadan xeyli artıq olduğuna görə saxlanılıb. Həmçinin, İran istehsalı olan 54 907 kq kənd təsərrüfatı məhsulunda, Azərbaycanın digər bölgələrindən gətirilmiş 70 400 kq qarpızın tərkibində də nitratların miqdarının çox olduğu aşkar edilib.

Xeyli sayda İran istehsalı olan ərzaq, texniki spirt və dərman preparatları üzərində istehsal və son istifadə tarixi olmamasına, vaxtı keçdiyinə və keyfiyyətini itirdiyinə görə gömrük nəzarəti altında geri qaytarılıb. İran və Türkiyə istehsalı olan, ümumi çəkisi 80 tona yaxın kənd təsərrüfatı məhsulu və konservləşdirilmiş qida məhsullarının, dondurulmuş toyuq, mal və donuz ətinin, həmçinin 20 min şüşə pivənin, 25 500 kq quş və mal-qara yeminin keyfiyyətinin təyini üçün müvafiq laboratoriyalara göndərilməsi və ekspertiza sənədlərinin alınması işi həyata keçirildikdən sonra buraxılışına icazə verilib.

Tədbirin sonunda Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov nizam-intizamın gücləndirilməsi, qaçaqmalçılıq və gömrük sahəsində digər hüquqpozma halları ilə mübarizə, eləcə də daxili bazarın qorunması istiqamətində tədbirlərin artırılması ilə bağlı konkret tapşırıqlar verib.

Xəbər lenti

Xəbər lenti