Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir M.Əliyev/
Azərbaycanda orta təhsil bazasından (9 illik) orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün 31 min 251 nəfər ərizə verib. Trend-in məlumatına görə, bu barədə TQDK sədri Məleykə Abbaszadə cümə günü keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, bu ötən ilki iştirakçıların sayından artıqdır və bu da orta ixtisas təhsili müəssisələrinə artan marağın göstəricisidir.
Abbaszadə bildirib ki, qəbul imtahanları avqustun 28-də Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Mingəçevir, Şəki, Şirvan, Ağcabədi, Göyçay və Xaçmaz şəhərlərində keçiriləcək. İmtahan saat 14:00-da başlanacaq.
Abituriyentlər 1 saat 30 dəqiqə ərzində hər fəndən 15 sual olmaqla Ana dili, Azərbaycan tarixi və riyaziyyatdan imtahan verəcəklər.
Cari tədris ili üçün 9 illik orta təhsil bazasında 635 ixtisas üzrə 46 orta ixtisas təhsili müəssisəsinə qəbul aparılır. Ayrılmış 9 642 plan yerindən 8 449-u Azərbaycan bölməsinə, 312 yer rus bölməsinə, 881 yer birgə müsabiqə aparılan ixtisaslara aiddir.