...

Türkiyə Azərbaycandan qaz idxalının həcmini azaldacaq

Cəmiyyət Materials 19 Avqust 2011 14:43 (UTC +04:00)
Avqustun 11-də İranla Türkiyə arasındakı qaz kəmərinin partlaması səbəbindən dayandırılan qaz tədarükü dünən bərpa olunub.
Türkiyə Azərbaycandan qaz idxalının həcmini azaldacaq

Azərbaycan, Bakı, 19 avqust /Trend, müxbir A.Tağıyeva/

Avqustun 11-də İranla Türkiyə arasındakı qaz kəmərinin partlaması səbəbindən dayandırılan qaz tədarükü dünən bərpa olunub. Trend-in məlumatına görə, bu barədə Türkiyənin Energetika və Təbii Ehtiyatlar Nazirliyindən bildirilib.

"Təmir işləri başa çatıb və bundan dərhal sonra qazın nəql olunmasına başlanılıb", - nazirlikdən bildiriblər.

Nazirlikdən deyildiyi kimi, İrandan qaz tədarükünün bərpa olunması ilə əlaqədar Türkiyə Azərbaycandan və Rusiyadan qaz alışı həcmlərini azaldacaq. Nazirlikdən alış həcmlərinin nə qədər azaldılacağı qeyd edilməyib.

Qaz kəmərində baş vermiş partlayışdan sonra Azərbaycanın "Şahdəniz" yatağındanTürkiyəyə qaz tədarükü altı milyon kubmetr artırılaraq sutkada 16 milyon kubmetr təşkil edib.

Partlayış Türkiyənin Ağrı əyalətində (Türkiyənin şərqində) baş vermişdi. İstintaq orqanları Kürd Fəhlə Partiyası (PKK) yaraqlıları tərəfindən terror aktı törədilməsini əsas versiya hesab edirdilər.

Türkiyə partladılmış kəmər ilə sutkada 18 milyon kubmetrə qədər təbii qaz alırdı.

Türkiyə ilə PKK arasında münaqişə 25 ildən artıqdır davam edir. Bu münaqişə 40 mindən artıq insanın həyatına son qoyub. PKK BMT, eləcə də Ankaranın tamhüquqlu üzv kimi daxil olmağa çalışdığı Aİ tərəfindən terror təşkilatı kimi tanınıb.

Xəbər lenti

Xəbər lenti