...

Azərbaycanda 360-dan çox uşaq bağçasında köçkünlər məskunlaşıb

Cəmiyyət Materials 22 Avqust 2011 14:33 (UTC +04:00)
Hazırda respublika üzrə 362 məktəbəqədər təhsil müəssisəsində məcburi köçkün ailələri məskunlaşıb.
Azərbaycanda 360-dan çox uşaq bağçasında köçkünlər məskunlaşıb

Azərbaycan, Bakı, 22 avqust /Trend, müxbir İ.İsabalayeva/

Hazırda respublika üzrə 362 məktəbəqədər təhsil müəssisəsində məcburi köçkün ailələri məskunlaşıb. Bunu bazar ertəsi Trend-ə Təhsil Nazirliyinin məktəbəqədər təhsil sektorunun müdiri Nərminə Alnağıyeva deyib.

Onun sözlərinə görə, bu müəssisələrdəki köçkünlər növbəli şəkildə köçürülərsə, bağçalarda boş yerlər yarana bilər.

Alnağıyeva qeyd edib ki, "2011-2013-cü illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində 37 uşaq bağçası əsaslı təmir olunacaq, 14 yeni müəssisə tikiləcək. Bu müəssisələrin Maştağa, Lökbatan, Badamdar qəsəbələrində, Yeni Yasamal yaşayış massivində tikilməsi nəzərdə tutulur.

"Yeni bağçaların inşası üçün elə yerlər seçilib ki, həmin yerdə ya ümumiyyətlə, bağça yoxdur, ya da həmin müəssisələrin sayı azdır. Bakı gündən-günə genişlənir, uşaqların sayı artır. Sözsüz ki, 14 yeni bağçanın tikilməsinin bağçalardakı uşaq sıxlığının aradan qaldırılmasına böyük köməyi olacaq. Amma deyə bilmərəm ki, həmin 14 müəssisə ilə bütün ehtiyaclarımız ödəniləcək. Digər tərəfdən, vacib deyil ki, ehtiyacın ödənilməsi üçün böyük bir müəssisə tikilsin. Yardımçı binaların tikilməsi də bağçalarda uşaqlar üçün əlavə yerlərin açılmasına kömək edər", - sektor müdiri qeyd edib.

Alnağıyeva əlavə edib ki, hazırda respublika üzrə məktəbəqədər yaşlı uşaqların 17,6 faizi məktəbəqədər təhsilə cəlb edilib. Bu isə xarici dövlətlərlə müqayisədə aşağı göstəricidir.

Hazırda respublika üzrə 107 954 uşağı əhatə edən 1 653 uşaq bağçası var. 103 157 uşağı əhatə edən 1 571 müəssisə Təhsil Nazirliyinin tabeliyindədir.

Xəbər lenti

Xəbər lenti