...

Məzunlarının məşğulluq səviyyəsi 60 faizdən aşağı olan peşə-ixtisas müəssisələrinin qəbul planı azaldılacaq

Cəmiyyət Materials 23 Avqust 2011 14:05 (UTC +04:00)
Məzunlarının məşğulluq səviyyəsi 60 faizdən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı azaldılacaq.
Məzunlarının məşğulluq səviyyəsi 60 faizdən aşağı olan peşə-ixtisas müəssisələrinin qəbul planı azaldılacaq

Azərbaycan, Bakı, 23 avqust /Trend, müxbir İ.İsabalayeva/

Məzunlarının məşğulluq səviyyəsi 60 faizdən yuxarı olmayan ilk peşə-ixtisas təhsili müəssisələrinə qəbul planı azaldılacaq. Bunu Trend-ə Təhsil Nazirliyinin Texniki peşə təhsili şöbəsinin müdiri Namiq Məmmədov deyib.

Onun sözlərinə görə, ümumi fənlərdən buraxılış imtahanlarında müvəffəqiyyət səviyyəsi 50 faizdən aşağı olan ilk peşə-ixtisas təhsili müəssisələrində ümumi orta təhsil bazası üzrə 3 illik təhsil qrupları da azaldılacaq.

Məmmədov qeyd edib ki, 3 illik təhsil qruplarının azaldılması peşə ixtisas müəssisələrinə şagirdlərin cəlb olunmasına elə də ciddi təsir etməyəcək. 3 illik təhsil qruplarının sayının azaldılması nəticəsində şagirdlər daha qısa müddətli kurslara cəlb olunaraq sırf peşə təhsili əldə edəcəklər.

"3 illik qruplar əsasən, ümumtəhsil və peşə təhsili üzrə birgə qruplardır. Bu baxımdan həmin qrupların sayının azaldılması şagirdlərin sayına elə də təsir göstərməyəcək. Sadəcə olaraq, bu addım təhsildə rəqabətin, keyfiyyətin artırılması ilə əlaqədar olaraq, atıla bilər", - Məmmədov qeyd edib.

Hazırda Azərbaycanda 108 peşə təhsili müəssisəsi fəaliyyət göstərir. Onlardan 47-si peşə liseyi, qalanları isə peşə məktəbidir. Respublikanın peşə təhsili müəssisələrində 101 peşə üzrə 23 mindən çox şagird təhsil alır.

Peşə liseylərində şagirdlərə orta təhsillə yanaşı, peşə təhsili də verilir. Peşə məktəblərində isə yalnız peşə təhsili verilir.

Xəbər lenti

Xəbər lenti