...

Azərbaycanda informatika müəllimi işləmək istəyənlər bu gün imtahanlar verirlər

Cəmiyyət Materials 25 Avqust 2011 10:28 (UTC +04:00)
Azərbaycan Təhsil Nazirliyi (TN) bu gün orta məktəblərdə informatika müəllimi işləmək məqsədilə ərizə vermiş namizədlər üçün imtahanlar keçirir.
Azərbaycanda informatika müəllimi işləmək istəyənlər bu gün imtahanlar verirlər

Azərbaycan, Bakı, 25 avqust /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycan Təhsil Nazirliyi (TN) bu gün orta məktəblərdə informatika müəllimi işləmək məqsədilə ərizə vermiş namizədlər üçün imtahanlar keçirir. Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, informatika müəllimi işləmək üçün 188 vakant yerə 440 nəfər ərizə verib. Vakant yerlərin 29-u Bakı, 159-u digər rayon və şəhərlərin payına düşür.

İmtahanların keçirilmə yeri və tarixi barədə hər bir namizədin "Şəxsi kabinet"inə məlumatlar göndərilib.

İmtahan TN-nin Təhsilin İnformasiyalaşdırılması İdarəsində keçirilir.

İmtahan 1 saat davam edəcək. Hər dəfə idarədə eyni vaxtda 60 nəfər imtahan verə biləcək. İmtahanda namizədə 35 sual təqdim ediləcək. İmtahan bitən kimi namizəd öz cavabını öyrənəcək. Namizədin topladığı bal kompüterdə göstəriləcək.

İmtahandan keçmiş namizədlər növbəti mərhələyə - müsahibəyə buraxılacaqlar.

İmtahanda test tapşırıqlarının 80 və daha yüksək faizinə düzgün cavab verən namizədlər keçid balını toplamış hesab olunacaqlar.

Həvəsləndirmə tədbirlərinin tətbiq olunduğu vakant yerlərə işə qəbul üçün namizədlər ümumi testlərin azı 60 faizinə cavab verməklə keçid balını toplamalıdırlar.

Respublika üzrə müəllimlərin işə qəbulu sentyabrın 10-dək tam yekunlaşacaq.

2011-2012-ci tədris ili üçün Azərbaycanın orta məktəblərində müəllimlərin işə qəbulu üçün imtahanların keçirilməsinə iyulun 26-dan başlanılıb. Artıq ibtidai sinif, ingilis, Azərbaycan dili və ədəbiyyatı, kimya, tarix, biologiya, riyaziyyat müəllimi işləmək üçün imtahanlar keçirilib.

Növbəti imtahanlar avqustun 26-da coğrafiya, avqustun 29-da çağırışaqədərki hazırlıq, əmək hazırlığı, musiqi və nəğmə, təsviri incəsənət, avqustun 30-da fiziki tərbiyə müəllimliyi ixtisasları üzrə keçiriləcək.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir. Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.

2011-2012-ci tədris ili üçün respublikanın orta məktəblərindəki 2177 vakant yerə 9342 nəfər sənəd verib. Vakant yerlərin 374-ü Bakının, 1803-ü digər rayon və şəhərlərin payına düşür. Ən çox vakant yer ibtidai sinif müəllimliyi üzrə olub.

Xəbər lenti

Xəbər lenti