...

DSMF əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsiini genişləndirəcək

Cəmiyyət Materials 2 Sentyabr 2011 15:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 2 sentyabr /Trend/

Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu (DSMF) sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqinə nail olunması üçün bir sıra yeni tədbirlər həyata keçirəcək. Bunu Trend-ə DSMF-nin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Elman Babayev deyib.

O bildirib ki, sentyabr ayı ərzində əhaliyə göstərilən elektron xidmətlərin əhatə dairəsi genişləndiriləcək.

"Əhaliyə göstəriləcək yeni elektron xidmətlərlə bağlı xüsusi təqdimat və maarifləndirmə tədbirləri də həyata keçiriləcək. Sığorta-pensiya sisteminin fəaliyyətində müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinin genişləndirilməsi "2009-2015-ci illərdə Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq davam etdiriləcək", - Babayev qeyd edib.

DSMF ötən il Beynəlxalq Sosial Təminat Assosiasiyasının (BSTA) Avropa müsabiqəsində "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiq olunması vasitəsilə effektiv idarəetmə" nominasiyasında müsabiqənin qalibi elan olunaraq, Fəxri fərmanla təltif edilib.

Babayev deyib ki, informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi istiqamətində görülən işlər nəticəsində bu il iyulun 1-i tarixinə 1 milyon 825 min nəfərdən çox sığortaolunana sosial sığorta nömrəsi verilib və onlar üçün fərdi şəxsi hesab açılıb. Fondun yerli şöbələrində müasir kompüter sistemləri qurulub, "1 işçiyə 1 kompüter" prinsipi gerçəkləşib.

Pensiya və müavinətlərin əhaliyə çatdırılması sahəsində bank infrastrukturundan və elektron hökumət prinsiplərindən səmərəli istifadə olunub. Azərbaycanda pensiyaların 99,2 faizinın ödənişi plastik kartlarla həyata keçirilir ki, bu da dünyada ən şəffaf praktika hesab olunur.

Bununla yanaşı, ictimaiyyətlə mövcud əlaqələrin daha da inkişaf etdirilməsi, əhalinin sığorta-pensiya sistemi ilə bağlı istənilən suallarının operativ şəkildə cavablandırılması və Fondun aparatının məsul əməkdaşları ilə birbaşa canlı bağlantının qurulması funksiyasını daşıyan müasir tipli "190" nömrəli telefon məlumat xidməti fəaliyyət göstərir.

"Dövlət Sosial Müdafiə Fondunun internet saytında "pensiya kalkulyatoru" bölməsi fəaliyyət göstərir ki, hər bir sığortaolunan əmək pensiyası təyin edilməmişdən əvvəl sosial sığorta stajı və 2006-cı ildən sonrakı əməkhaqqı barədə müvafiq məlumatları daxil etməklə kalkulyator vasitəsilə pensiyanın məbləği barədə məlumat almaq imkanı əldə edir", - o əlavə edib.

Xəbər lenti

Xəbər lenti