...

Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub

Cəmiyyət Materials 8 Sentyabr 2011 14:29 (UTC +04:00)
Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub. Trend-in məlumatına görə, bu münasibətlə cümə axşamı Mətbuat Şurasında tədbir keçirilib.
Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub

Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir T.Hacıyev/

Azərbaycanda Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü qeyd olunub. Trend-in məlumatına görə, bu münasibətlə cümə axşamı Mətbuat Şurasında tədbir keçirilib.

Tədbiri giriş sözü ilə MŞ sədri Əflatun Amaşov açaraq həmkarlarını bu gün münasibəti ilə təbrik edib.

"Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Bəxtiyar Sadıqov çıxışında qeyd edib ki, bu gün Azərbaycanda söz və mətbuat azadlığı təmin edilib. O, təssüf hissi ilə bildirib ki, bəzi hallarıda söz azadlığı sözün ucuzlaşmasına gətirib çıxarır.

"Bəzən qəzetlərə ali təhsili olmayan insanlar işə götürülürlər. Bu cür adamların fəaliyyəti ümumilikdə qəzetçiliyə zərər gətirir. Qəzetlərdə yoxlanmamış, həqiqətə uyğun olmayan, şər-böhtan xarakterli yazılar dərc olunur", - Sadıqov əlavə edib.

Baş redaktor hesab edir ki, Azərbaycan jurnalistikası bu cür təsadüfi jurnalistlərdən təmizlənməlidir.

Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun (KİVDF) icraçı direktoru Vüqar Səfərli çıxışı zamanı Azərbaycanın müstəqillik illərində keçdiyi inkişaf yolu barədə danışıb. Onun sözlərinə görə, müstəqilliyin ilk illərində müstəqil qəzetlərin fəaliyyətində çox böyük çətinliklər yaranırdı.

"Bu gün Azərbaycan dövləti siyasi mövqeyindən asılı olmayaraq, bütün KİV-in inkişafında maraqlıdır. Bunun üçün Azərbaycanda KİV-ə dəstək konsepsiyası hazırlanıb və KİVDF yaradılıb. KİVDF jurnalistlərin peşəkarlığının artırılması və sosial vəziyyətlərinin yaxşılaşdırılması üçün müxtəlif layihələr həyata keçirir. KİVDF-nin layihələrində iştirak edən bütün qəzetlərin maddi texniki bazası yaxşılaşıb, avadanlıqlar yeniləri ilə əvəz edilib", - o qeyd edib.

Səfərli Azərbaycanda dövlət qeydiyyatından 4500 KİV keçdiyini deyib və əlavə edib ki, hazırda 30-a yaxın gündəlik, 50-yə yaxın həftəlik qəzet olmaqla 300-ə yaxın KİV fəaliyyət göstərir.

BDU-nun jurnalistika fakültəsinin müəllimi Cahangir Məmmədli jurnalistləri tərəflərə, cəbhələrə bölünməməyə çağırıb.

Jurnalistlərin Beynəlxalq Həmrəylik Günü 1958-ci ilin mayından qeyd edilir. Həmin il Buxarestdə keçirilən Beynəlxalq Jurnalistlər Təşkilatının IV Konqresində bununla bağlı qərar qəbul olunub. Dünya mediası üçün əlamətdar sayılan bu tarix 1943-cü il sentyabrın 8-də hitlerçilər tərəfindən qətlə yetirilmiş çexiyalı jurnalist Yulius Fuçikin xatirəsinə təsis edilib.

Xəbər lenti

Xəbər lenti