Azərbaycan, Bakı, 8 sentyabr /Trend, müxbir K.Zərbalıyeva/
Azərbaycanda boşanan ər-arvad uşaqdan şantaj vasitəsi kimi istifadə edir. Bunu Trend-ə Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.
Ali Məhkəmənin sədri belə halların çox yayıldığını bildirib və qeyd edib ki, boşanma zamanı ər-arvad öz mənafelərini deyil, uşağın mənafeyini düşünməlidirlər.
"Bizdə ər-arvad boşanarkən öz mənafelərini güdürlər. Uşaqla görüş üçün məhkəmə qətnaməsi olsa da, tərəflər bir-birlərindən qisas almaq üçün uşağı gizlədirlər, 6 ay-1 il ata, yaxud ana ilə görüşə icazə vermirlər. Uşaq şantaj vasitəsi kimi istifadə olunur. Bu, Azərbacanda çox yayılmış problemdir", - Rzayev vurğulayıb.
Ali Məhkəmə sədri bu səbəbdən də məhkəmə qətnaməsini icra etməyən valideynin cinayət məsuliyyətinə cəlb olunmasını vacib sayır.
Onun sözlərinə görə, valideynlər uşaq qarşısında bərəabər hüquq və vəzifələrə malikdirlər və onlar boşanandan sonra bu hüquq və vəzifələr qalır.
Rzayev bildirib ki, bu sahədəki problemləri nəzərə alaraq, Ali Məhkəmə boşanmalar zamanı valideynlərin uşaqlarla ünsiyyəti və uşaq tələbilə bağlı məhkəmə təcrübəsinin ümumiləşdirilməsini aparıb.
Ümumiləşdirmə zamanı ata-anası ayrı yaşayan uşaqların valideynləri ilə ünsiyyəti və uşaqların hansı valideynlə yaşaması ilə bağlı məsələlərin məhkəmələr tərəfindən necə həll olunduğu öyrənilib.
Ümumiləşdirmə bütün respublika məhkəmələrinin ötən il ərzində bu məsələlərlə bağlı baxdığı işləri əhatə edib.
Rzayev bildirib ki, ümumiləşdirmənin nəticələri Ali Məhkəmənin növbəti plenumunda müzakirəyə çıxarılacaq.
Ali Məhkəmənin sədri boşanmaların sayının azalması məqsədilə bəzi ekspertlərin boşanma prosedurunun mürəkkəbləşdirilməsi ilə bağlı təklifi ilə razılaşmır.
Onun sözlərinə görə, hakim boşanma ilə bağlı işlərə baxarkən mümkün qədər tərəflərin barışmasına çalışmalıdır.
"Tərəflərə barışıq üçün müəyyən müddət verilməlidir, onlarla danışıqlar aparılmalıdır. Təcrübədə belə hallara rast gəlinib və tərəflərlə aparılan danışıqlardan sonra hakim tərəflərin barışmasına nail olub", - Rzayev deyib.
Boşanmaların sayının azalmasına hüquqi və inzibati üsullarla nail olunmasını mümkünsüz sayan Ali Məhkəmə sədri hesab edir ki, bu, daha çox mənəvi məsələdir.
"Artıq çox ailələrdə ailə dəyərləri itib. Ər, yaxud arvad nəsə bir hərəkət edən kimi qarşı tərəf boşanmaq üçün ərizə ilə məhkəməyə müraciət edir. Dözümlülük göstərmək lazımdır. Bu hal uşaqlara problem yaradır. Atasız, yaxud anasız uşaq mənəvi cəhətdən natamam qalır, özünü qüsurlu hesab edir", - o bildirib.
Rzayev boşanmaların sayının azalması, ailə dəyərlərinin möhkəmlənməsi üçün ailələrdə oğlan və qız uşaqlarının kiçik yaşlarından düzgün tərbiyə olunmasını vacib sayır.
"Kiçik yaşdan ana qızını ev xanımı omağa hazırlamalıdır. Necə ki, qızlarının təhsil almasına önəm verirlər, bu məsələyə də diqqət yetirməlidirlər. Oğlan uşağını da elə tərbiyə etmək lazımdır ki, o, ailə, övlad məsuliyyətini dərk etsin", - Ali Məhkəmə sədri qeyd edib.
Ölkədə qeydə alınan boşanmaların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə artıb. Bu ilin 6 ayında 5335, ötən ilin müvafiq dövründə isə 4276 nikahın pozulması faktı qeydə alınıb.
Bu il qeydə alınan boşanmaların 19-u, ötən ilin birinci yarısında qeydə alınan boşanmaların isə 41-i əcnəbilərlə olan nikahlardır.