...

Azərbaycanda yaş məhdudiyyətinə görə 3 mindən artıq səhiyyə işçisi vəzifəsindən azad olunub (ƏLAVƏ OLUNUB 2)

Cəmiyyət Materials 9 Sentyabr 2011 11:56 (UTC +04:00)
Azərbaycanın səhiyyə sistemində 7100 nəfərdən çox yaşı 65-dən yuxarı olan işçi var. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Elsəvər Ağayev deyib.
Azərbaycanda yaş məhdudiyyətinə görə 3 mindən artıq səhiyyə işçisi vəzifəsindən azad olunub (ƏLAVƏ OLUNUB 2)

Azərbaycan, Bakı, 9 sentyabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanın səhiyyə sistemində 7100 nəfərdən çox yaşı 65-dən yuxarı olan işçi var. Trend-in məlumatına görə, bunu cümə günü keçirdiyi mətbuat konfransında səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

"Onların təxminən 50 faizi - 3000-3500 nəfəri artıq işdən azad edilib", - Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericilikdə bu insanları işdə saxlamaq üçün müəyyən meyarlar müəyyənləşdirilib.

"Biz də buna uyğun tədbirlər görürük. Ucqar, kadra ehtiyacı olan yerlərdə yaşı 65-dən yuxarı olan işçilərin işdən azad edilməsinə ehtiyatla yanaşılır", - nazir müavini deyib.

Ağayev əlavə edib ki, 65-70 yaşlı işçilərin işdən azad edilməsini müəssisələr özləri həyata keçirirlər, sonra isə bu barədə Səhiyyə Nazirliyinə məlumat verirlər.

Nazir müavini deyib ki, işdən azad edilmiş yaşlı işçilər özəl sektorda çalışa bilərlər.

"Azərbaycanda özəl tibb sahəsi var.Yaşlı işçilər özəl tibb müəssisələrində fəaliyyət göstərə bilərlər. Yaşlı insanların təcrübəsinə, yəqin ki, yenə də xalqımızın ehtiyacı olacaq", - Ağayev qeyd edib.

O, əlavə edib ki, elmi-tədqiqat müəssisələri və universitetlərdə çalışan yaşı 65-dən yuxarı olan işçilər işdən azad edilmirlər.

Nazir müavini səhiyyə işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsinin də yaxın vaxtlarda öz həllini tapacağına ümid etdiyini deyib.

Xəbər lenti

Xəbər lenti